SİYASƏT
İtaliya mətbuatında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılardan bəhs edən yazılar dərc olunub
Roma, 30 avqust, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 minədək azərbaycanlının itkin düşməsi mövzusu 30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günündə İtaliyanın kütləvi informasiya vasitələrinin diqqətində olub.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Lo Spessore” analitik portalında Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (IREPI) rəhbəri, tədqiqatçı-jurnalist Domeniko Letisiyianın “Ermənistanla münaqişə zamanı itkin düşmüş azərbaycanlılar” sərlövhəli məqaləsi, habelə “KmetroO” və “Metro CT” xəbər portalları və “Agenzia Nova” xəbər agentliyində ölkəmizin İtaliyadakı səfirliyi tərəfindən hazırlanmış press-reliz əsasında “Beynəlxalq İtkin Düşmüşlər Günü, azərbaycanlıların harayı”, “Azərbaycanda itkin düşmüş şəxslər”, “Beynəlxalq İtkin Düşmüşlər Günü Azərbaycanın diqqətində” başlıqları ilə yazılar dərc edilib.
Məlumatlarda 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində minlərlə azərbaycanlının itkin düşdüyü, bu xüsusda qeyd olunan tarixin Azərbaycanda da anıldığı bildirilib. Qeyd edilib ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 ilədək davam edən işğalı nəticəsində itkin düşmüş 3890 azərbaycanlının aqibəti hələ də məlum deyil. Bildirilib ki, mülki şəxslərin tutulması və onlara qarşı pis rəftar edilməsi beynəlxalq humanitar hüquq tərəfindən açıq şəkildə qadağan olunsa da, 267 azərbaycanlı mülki vətəndaş Ermənistan silahlı qüvvələri tərəfindən əsir-girov saxlanılmaqdadır. Yazılarda, həmçinin mülki girovların Ermənistan tərəfindən əsir götürülməsi və onların siyasi şantaj üçün vasitə kimi istifadə edilməsi qeyd olunub, erməni əsir və girovluğundan ümumilikdə 1102 azərbaycanlının azad edilməsinin Ermənistan qurumları tərəfindən də bu faktın etirafı kimi qiymətləndirilib.
Habelə yazılarda hazırda çoxsaylı azərbaycanlı ailənin itkin düşmüş qohumlarının taleyi ilə bağı beynəlxalq ictimaiyyətdən gözləntilərinin olduğu və Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı işgəncə verdiyinin çoxsaylı təşkilatlar tərəfindən təsdiqləndiyi qeyd olunub.
Yazılarda insanlığa qarşı törədilmiş cinayətin qanlı nümunəsi kimi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqrımının keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ən ciddi və dramatik hadisələrindən biri kimi yadda qaldığı vurğulanıb. Bildirilib ki, Ermənistan qoşunları tərəfindən həyata keçirilmiş bu soyqırımında 106-sı qadın olmaqla, 613 nəfər amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. Hazırda 36 uşaq və 65 qadın olmaqla, 196 Xocalı sakini Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş kimi qeydiyyata alınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma