REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Mural art” layihəsi reallaşdırılıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Education Hub-ın təşəbbüsü ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsili simvolizə edən “Mural art” layihəsi həyata keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU, Gənclərin İnkişafı və Karyera Mərkəzi və Şərqi Avropa Təhsil Şəbəkəsinin birgə əməkdaşlığı formatında reallaşdırılan layihə dünya şöhrətli azərbaycanlı alim, süni zəka araşdırmaçısı, Kaliforniyadakı Berkeley Universitetinin kompüter elmləri üzrə professoru Lütfəli Rəhim oğlu Ələsgərzadənin (Lütfi Zadə) 100 illik yubileyinə həsr olunub.
Universitetin divarını bəzəyən “Mural”da Lütfi Zadənin rəsmi ilə yanaşı, onun məşhur qeyri-səlis məntiq nəzəriyyəsini, eləcə də hərtərəfli inkişafda təhsilin önəmini, ömürboyu təhsili, yaradıcılığı və kamilliyi əks etdirən bir sıra fəlsəfi illüstrasiyalar yer alıb.
Qeyd edək ki, tələbə və əməkdaşların hərtərəfli inkişafına xüsusi önəm verən MDU-da təhsil ilə “Mural art”ın sintezini nəzərdə tutan layihənin reallaşdırılmasında başlıca məqsəd gənclərin daha da həvəsləndirilməsi, maraq və motivasiyasının gücləndirilməsi, divar rəsmləri vasitəsilə onlar arasında yeniliyin və kreativliyin təbliğ edilməsidir.