CƏMİYYƏT


Şuşanın çayları

Bakı, 21 sentyabr, AZƏRTAC

Adətən yerüstü suların əsas ehtiyatları çaylarda cəmləşir. Suyun təbiətdə böyük dövranının mühüm halqası çayların payına düşür. Şuşanın kəndlərindən, şəhərin ətraflarından keçən bir neçə çay da Qarabağ torpağının suya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Həmin çaylar barədə AZƏRTAC-ın müxbirinə məlumat verən Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyev deyib: “Təbiətin Qarabağa bəxş etdiyi ən böyük sərvətlərdən biri də bu yurdun ana damarı olan Qarqar çayıdır. Mənbəyini uca dağ silsiləsindən – 2089 metr hündürlükdən götürən çayın uzunluğu 115 kilometr, hövzəsinin sahəsi 1490 kvadrat kilometrdir.

Qarqar çayı haqqında bir çox antik və orta əsr müəlliflərinin əsərlərində, o cümlədən, eradan əvvəl və eramızın başlanğıcında yaşamış qədim yunan tarixçisi və coğrafiyaşünası Strabonun “Coğrafiya” kitabında geniş məlumat verilir. Həmin qədim mənbədə qarqarların Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olduğu göstərilir və çayın öz adını həmin tayfanın adından götürdüyü ehtimal olunur.

Qarqar iki əsas çayın qovuşmasından əmələ gəlib. Biri mənbəyini Kirs, o biri isə Sarıbaba dağının sinəsində daim qaynayan şəffaf, buz kimi soyuq sulu bulaqlardan götürən və hündür aşırımlardan çağlaya-çağlaya kükrəyib gələrək Ağa körpüsündə birləşən Daşaltı, o biri isə Xəlfəli çayıdır.

Qarabağ silsiləsindən başlayaraq sıldırım qayalardan, sərt döngələrdən, hündür dağlardan kükrəyib gələn və ərazisindən axdığı eyniadlı kəndin adı ilə adlandırılan Zarıslı çayı Şuşanın cənub tərəfindən keçir. Daşaltı ərazisindən keçdiyinə görə çayın sonrakı axarı bu kəndin adını daşıyır. Hövzəsinin sahəsi ümumilikdə 120 kvadrat kilometrdir və uzunluğu 25 kilometrə çatır. Çay sərt döngə və pillələrdə axınını sürətləndirir və hər iki sahilindəki qayalarda dərin yarıqlar açır. Sonra çayın dərəsi xeyli genişlənərək şəlalələr əmələ gətirir və Ağa körpüsünədək uzanıb gedir.

Başlanğıcını Qarabağın dağ silsiləsindən götürərək qıjıldaya-qıjıldaya çağlayıb üzüaşağı axıb gedən, dupduru bulaq sularından yaranmış Xəlfəli çayı da eyniadlı kəndin adını daşıyır. Çay şimal tərəfdən təxminən 200 metr hündürlükdən axır və Ağa körpüsündə Daşaltı ilə birləşib Qarqarı əmələ gətirir.

Qarabağ silsiləsinin yamaclarında olan saysız-hesabsız büllur bulaqlarla, yağış, qar və yeraltı sularla qidalanan bir neçə kiçik çay dərin və dar dərələrlə axaraq Qarqara qovuşur. Çayın sağ qolları öz mənbəyini Bağırqan və Çınqıllı dağının ətəklərindən götürən, vaxtilə mövcud olmuş yaşayış məntəqəsinin adı ilə adlandırılan və Malıbəyli kəndi ərazisindən keçərək Qarqara qovuşan Ağvan çayı və Ağ çaydır. Çayın sol qolları isə Ballıca və Badaradır. Həmin kiçik çaylar Qarqara tökülərək onu “ətə-qana gətirir”, güc-qüvvət verərək çayın sürətli axınına kömək edir.

Dağlarda, xüsusilə, yay aylarında qar və buzlar sürətlə əriyəndə, şiddətli yağışlar yağmağa başlayanda dağ çayı məcrasına sığışmır, aşıb-daşır, ətraf yerləri su basır. Digər fəsillərdə hərdən gur, hərdən də sakit axan çayın suyu yenə də çoxalır, düzənliklərdə sürəti xeyli azalır, yavaş-yavaş, burula-burula, ahəstə-ahəstə Aşağı Qarabağ istiqamətinə yön alır. Çayın hər iki sahili otlaqlara, yaşıllıqlara bürünür.

Qarabağın bu ən böyük çayı öz qolları ilə yüzlərlə kvadrat kilometrlik bir sahəni tutur və neçə-neçə irili-xırdalı çayın suyunu qəbul edərək dərin dərələrdən, geniş düzlərdən keçib Ağ gölə tökülür.

Lap qədimlərdən insanları su ilə təmin edən və həyat mənbəyi rolu oynayan Qarqardan bu gün də ətraf yerlərin su təchizatında geniş istifadə olunur. Çay boyu uzanır gedən üzüm, tut, nar, əncir bağları, bostanlar, tarlalar, min hektarlarla əkin sahələri suvarılır. Çayın kənarında çoxlu səfalı guşələr var. Ətrafında yerləşən sərin bulaqlar, şəlalələr, göllər, bağ-bağat, xoş hava adamın könlünü oxşayır, qanını duruldur, ruhunu təzələyir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.