CƏMİYYƏT
Oğuz rayon sakininin aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində 1957-ci il təvəllüdlü Gülgəz Muştaqovanın aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Oğuz Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1958-ci təvəllüdlü Vaqif Muştaqovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirdiyi, nəticədə Gülgəz Muştaqova almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda öldüyü müəyyən olunub.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Vaqif Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.