CƏMİYYƏT
Bəzi vətəndaşların pul müqabilində saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub
Bakı, 21 sentyabr, AZƏRTAC
Daxil olmuş məlumat və aparılan yoxlamalar nəticəsində pul müqabilində bəzi vətəndaşların saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayon sakini Sadiq Şərbətovun vətəndaşlara vaksin vurulmadan saxta COVID-19 pasportu təşkil etməsi barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun üç nəfərə saxta COVID-19 pasportu satdığı müəyyənləşdirilib.
S.Şərbətov həmin üç nəfərin birinci doza peyvənd vurulmasının qeyd olunmasından ötrü şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir Əliyevə göndərib. M.Əliyev də öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə göndərərək COVID-19 pasportlarının hazırlanmasını təşkil edib.
M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanmış saxta COVID-19 pasportlarının fotoşəkillərinin geri göndərilməsi müəyyən olunub.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.