DÜNYA
“Pfizer” vaksininin aşağı dozası azyaşlı uşaqlar üçün təhlükəsiz və effektlidir
Vaşinqton, 21 sentyabr, AZƏRTAC
“Pfizer” və “BioNTech” şirkətləri bildiriblər ki, koronavirus əleyhinə istehsal etdikləri vaksinin aşağı dozasının 5-11 yaşlı uşaqlar üçün təhlükəsiz və effektli olması sübut edilib.
AZƏRTAC xəbər verir ki, bu nəticələr uzun aylar davam etmiş testləşmədən sonra əldə olunub. Təxirəsalınmaz hallarda vaksinin uşaqlara tətbiq edilməsi üçün əvvəlki kimi yenə də ABŞ-ın Ərzaq məhsullarına və dərmanlara sanitar nəzarəti idarəsinin icazəsi tələb olunmasına baxmayaraq, sınaqların nəticələri göstərir ki, tezliklə uşaqların koronavirus əleyhinə peyvənd edilməsi mümkün olacaq.
“Pfizer” şirkətinin sədri və baş icraçı direktoru Albert Burlun bəyanatında deyilir: “ABŞ-da uşaqların COVID-19 virusuna yoluxması halları iyul ayından başlayaraq təqribən 240 faiz artıb və bu, uşaqların vaksinlənməsi zərurətini yaradır. Sınaqların nəticələri bizim istehsal etdiyimiz vaksinin 5-11 yaşlı uşaqlar üçün istifadəsinə icazə verilməsinə möhkəm zəmin yaradır və biz bu nəticələri ABŞ-ın Ərzaq məhsullarına və dərmanlara sanitar nəzarəti idarəsinə və digər hökumət orqanlarına təcili şəkildə təqdim etməyi planlaşdırırıq”.
Sınaqların ən son mərhələsində bu yaş qrupuna aid 2200-dən çox iştirakçı olub. Şirkətin bəyanatına görə, sınaqlar ikinci dozanın qəbulundan bir ay sonra “bu yaş qrupunda olan uşaqların güclü immun cavabını” nümayiş etdirib. Bu isə 16-25 yaş arası iştirakçıların müsbət nəticələrinə müvafiqdir. Bundan başqa, vaksin 16-25 yaş qrupundakılarla müqayisədə kənar təsirlərin müşahidə olunduğu iştirakçılara yaxşı təsir göstərib.
AZƏRTAC-ın Vaşinqton bürosu