ELM VƏ TƏHSİL
Təcrübə-Sənaye Zavodunda xüsusi təyinatlı məhsulların istehsalının genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) bu qurumun baş direktoru Vasif Abbasov və akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşdə, həmçinin YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun icraçı direktoru kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov iştirak edib.
Əsas məqsəd ölkənin müdafiə qüdrətinin gücləndirilməsi istiqamətində AMEA və onun konkret tədqiqat institutları, o cümlədən Aşqarlar Kimyası İnstitutu tərəfindən görülən işlərin müzakirəsi olub.
Görüşdə akademik Vaqif Fərzəliyev iki müəssisə arasında birgə həyata keçirilən layihələr haqqında məlumat verib, əməkdaşlıq istiqamətlərindən bəhs edib. Bildirib ki, rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində əldə olunan bir sıra mühüm elmi nəticələrin Təcrübə-Sənaye Zavodunda istehsalı həyata keçirilməkdədir. Akademik zavodda istehsal olunan xüsusi təyinatlı yağların ölkənin müdafiə qüdrətinin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyindən danışıb.
YT Parkın baş direktoru V.Abbasov iki qurum arasında müxtəlif istiqamətlərdə aparılan birgə əməkdaşlıq əlaqələrini gələcəkdə daha da inkişaf etdirməklə yüksək nəticələr əldə olunacağına inamını ifadə edib.
Tədbirdə Aşqarlar Kimyası İnstitutu, Yüksək Texnologiyalar Parkı və onun rezidenti olan Təcrübə-Sənaye Zavodu arasında əlaqələrin genişləndirilməsi istiqamətində təklif və tövsiyələr irəli sürülüb, müvafiq tapşırıqlar verilib.
Görüşdə, həmçinin Pakistanla əlaqələrin inkişafı, genişləndirilməsi ilə bağlı perspektivdə nəzərdə tutulan əməkdaşlıq məsələləri müzakirə olunub.