ELM VƏ TƏHSİL
189 nömrəli orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Bakının 189 nömrəli orta məktəbində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəblilərin ifasında Xalq Şairi Bəxtiyar Vahabzadənin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Tədbirdə Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsrin poetik fikrinin görkəmli nümayəndəsi B. Vahabzadənin ömür yoluna nəzər salınmış, yaradıcılığı haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Bəxtiyar Vahabzadə ana dilimizin saflığı, təmizliyi uğrunda və qorunub saxlanılmasında daim yorulmadan mübarizə aparmışdır. Mərhum şairin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən uzaqlarda da şair, publisist, mütəfəkkir, dramaturq, istedadlı alim kimi də məşhurdur. Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur.
Mərasimdə şagirdlərin ana dilimizin gözəlliklərini vəsf edən şeirləri böyük maraqla dinlənilmişdir.