İDMAN
18 SENTYABR
2002-ci il. Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2005-ci ilin aprel ayında tikinti işləri yekunlaşıb. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker yola salınıb. | |
2013-cü il. Qubada Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. 2007-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. |
|
1885-ci il. Bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günü (1885-1948). Ü.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir ("Leyli və Məcnun", 1908). 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası isə (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. “Ər və arvad” musiqili komediyası, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettaları da görkəmli bəstəkarın sevilən əsərləri arasındadır. Bədii yaradıcılığa publisistika ilə başlayan Ü.Hacıbəyli "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. 1995-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. |
|
1885-ci il. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri, məşhur bəstəkar Müslüm Maqomayev anadan olub (1885-1937). 1927-ci ildə onun redaktəsi ilə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılıb və işlənib) nəşr olunub. Bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim olan M.Maqomayev Azərbaycan musiqisində Avropa stilində ilk operanın ("Nərgiz", 1935), həmçinin “Şah İsmayıl” operasının müəllifidir (1916). Müğənni, bəstəkar Müslüm Maqomayevin babası, kinorəssam Məhəmməd Maqomayevin atasıdır. |
|
1988-ci il. Daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyin Behcəti Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) vəfat edib (1906-1988). Şeirlərini Azərbaycan və fars dillərində yazıb. M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydər babaya salam" poeması olub. | |
1851-ci il. “Nyu-York tayms” jurnalın ilk nömrəsi işıq üzü görüb. ABŞ-da gündəlik qəzetdir. “Nyu-York tayms şirkəti” tərəfindən nəşr edilir. Latın Amerikası və Avropa nəşrləri müvafıq olaraq Limada (Peru) və Parisdə (Fransa) çıxır. Tirajı 1 milyondan çoxdur. |