İQTİSADİYYAT
18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik ediləcək
Bakı, 9 iyun, Elvin Camalov, AZƏRTAC
18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, dəyişikliyə əsasən “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayını sərnişin axınına uyğun olaraq 23-dən 33-ə qədər artırılacaq.
M.Ağayev qeyd edib ki, fevralın 11-də 7 nömrəli müntəzəm sərnişindaşıma marşrut xəttinin dayandırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə, o cümlədən “141” Çağrı Mərkəzinə 18 nömrəli marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Bakı Nəqliyyat Agentliyi bununla bağlı apardığı monitorinq və təhlillər nəticəsində 18 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilməsini və əvvəllər fəaliyyət göstərmiş 7 nömrəli marşrutun hərəkət sxeminə uyğunlaşdırılmasını məqsədəuyğun hesab edib.