CƏMİYYƏT
DİN: Həftəsonu 664 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 16-da və 17-də Bakı şəhərində və respublikanın digər ərazilərində 204 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 137 şadlıq sarayında, 67 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 76 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.
COVID-19 pasportu olmadığına görə 664 nəfər toy şənliklərinə buraxılmayıb.