ELM VƏ TƏHSİL
Akademik Şahin Mustafayev Rusiyada beynəlxalq elmi konfransda çıxış edib
Bakı, 18 oktyabr, AZƏRTAC
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Multikultural dünyada islam” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq konfransda ölkəmizi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev təmsil edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, azərbaycanlı alim konfransın “Mərkəzi Asiya və Qafqazda islam mədəniyyəti: tarix və müasirlik” bölməsində “İslam və Azərbaycanın milli mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, orta əsrlərdən fərqli olaraq XIX yüzillikdən etibarən modernizasiya prosesinə qədəm qoymuş Azərbaycanda müasir mədəniyyətin daha çox dini deyil, dünyəvi dəyərlər əsasında formalaşdığını qeyd edib, son dövrdə ictimai həyatda dini meyillərin nisbətən güclənməsi ilə əlaqədar Azərbaycan milli mədəniyyəti və kimliyinin hansı istiqamətdə təkamül edəcəyi sualı ətrafında öz fikirlərini bölüşüb. Ş.Mustafayevin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Tədbirdə bir sıra ölkələrdən tarix, beynəlxalq münasibətlər, sosiologiya, dinşünaslıq və digər sahələrin mütəxəssisləri iştirak edib. Konfransın əsas məqsədi müasir dünyada islam dininin vəziyyəti, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qafqaz ölkələrində baş verən mühüm ictimai-siyasi proseslərə dini amilin təsiri, beynəlxalq və regional təhlükəsizliyin təminində islam faktorunun rolu, islam aləmində sosial-iqtisadi inkişafın perspektivləri və digər məsələlərin müzakirə edilməsi idi.
İkigünlük tədbirdə qeyd edilən problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.