REGİONLAR


Doqquz ayda Şəki rayonu üzrə heyvan sahiblərinə 198 min manatdan çox subsidiya hesablanıb

Şəki, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin 9 ayında Şəki rayonunda 5679 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 400 baş çoxdur. Təsərrüfatlarda süni mayalanma yolu ilə 2302 baş buzov və balaq doğulub. Doqquz ayda Şəki rayonu üzrə 1747 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1983 baş cinsi yaxşılaşdırılmış buzova görə 198 min 300 manat subsidiya hesablanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 418 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.

N.Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, ötən 6 ildə Şəki rayonu üzrə 9 min 316 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 11 min 310 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 1 milyon 131 min manat subsidiya ödənilib.

Sektor müdirinin sözlərinə görə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, 9 ayda Şəki rayonunda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz, süd istehsalı isə 1,2 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.