CƏMİYYƏT
Bərdədə fəaliyyət göstərən bazarda qanunvericiliyin tələbləri pozulub
Bakı, 22 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatlı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə rayonunun Güloğlular kəndində hüquqi şəxs “Ticarət Mərkəzi” MMC-yə məxsus “Təzə bazar” adlanan ticarət mərkəzində yoxlama keçirilib.
Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi müəyyən olunub. Bazar ərazisində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, mənşəyi məlum olmayan müxtəlif növ məhsulların satışa çıxarıldığı, eləcə də müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçilərin sanitar geyimlə təmin edilmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.