REGİONLAR
Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 29 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika kafedrasının müdiri Ülkər Aşurova, Mexanika kafedrasının müdiri Mahir İsmayılov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynovla görüşüblər. “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin koordinatoru Yeganə Abdullayeva da görüşdə iştirak edib.
MDU-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə əməkdaşlığın potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb və qarşılıqlı təlim-təcrübə proqramının həyata keçirilməsi ilə bağlı əldə edilmiş razılığın təfərrüatları müzakirə edilib.
Bildirilib ki, proqram çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində iki həftəlik təlimlərə cəlb ediləcək, istehsalatla tanış olacaq və təcrübəli kadrlardan faydalanmaq imkanı qazanacaqlar. Eyni zamanda, universitetin akademik heyət üzvləri tərəfindən İES-in gənc əməkdaşlarına müvafiq təlimlər keçiriləcək.
Sonra, MDU əməkdaşları İES-in Tədris Mərkəzinin müasir texnologiyalar ilə təchiz olunan tədris auditoriyaları ilə yaxından tanış olublar.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.