REGİONLAR
Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) noyabrın 4-də Kiyev Milli Texnologiya və Dizayn Universitetində (KNUTD) “Mexatron sistemlər: innovasiyalar və mühəndislik” mövzusunda keçirilən V beynəlxalq elmi-praktiki konfransda təmsil olunub.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, Ukrayna, ABŞ, Böyük Britaniya, Türkiyə, İsveçrə, Polşa və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərinin qatıldıqları konfransda MDU-nun rektoru Şahin Bayramov da iştirak edib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirin açılışında çıxış edən KNUTD prorektoru Lyudmila Qanuşak ənənəvi olaraq keçirilən beynəlxalq konfransın Ukraynada və xaricdə fəaliyyət göstərən müvafiq universitetlər, elmi təşkilatlar və sənaye müəssisələri arasında təcrübə mübadiləsi baxımından əlverişli platformaya çevrildiyini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.
Konfransda iştirakdan məmnunluğunu qeyd edən MDU-nun rektoru Ş.Bayramov yaxın günlərdə dost Ukraynaya etdiyi səfər çərçivəsində KNUTD-da keçirilən görüşləri və qurulan əməkdaşlıq əlaqələrini xatırladıb, qonaqpərvərliyə görə universitet rəhbərliyinə bir daha təşəkkürünü bildirib.
Hər iki universitetin müvafiq fakültələri və kafedraları səviyyəsində elmi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan Ş.Bayramov nəzəri-praktiki əhəmiyyətli bu beynəlxalq elmi platformanın KNUTD ilə MDU arasında yeni qurulan əməkdaşlığın güclənməsinə də töhfə verəcəyinə inandığını bildirib və konfransın işinə uğurlar arzulayıb.
Açılış nitqlərindən sonra konfrans plenar və bölmə iclasları ilə fəaliyyətinə davam edib.
Qeyd edək ki, MDU ilə KNUTD arasında əməkdaşlığın əsası cari il oktyabrın 29-da hər iki universitetin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə qoyulub. Memorandumda tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər əksini tapıb.