QAN YADDAŞI
1918-ci il Mart soyqırımı – Qafqaz regionunun tarixində ən böyük faciə necə baş verdi?
Bakı, 30 mart, AZƏRTAC
Ermənilərin Qafqaza gəlmə etnik ünsür olduğunu sübut edən xeyli sayda mənbələr mövcuddur. 1911-ci ildə rus tədqiqatçısı N.Şavrov yazırdı ki, Rusiya imperiyası tərəfindən 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min nəfər, Osmanlı dövlətindən isə 84 min nəfər erməni köçürülüb. Onlar əsasən Yelizavetpol (Gəncə), İrəvan və Tiflis quberniyalarında ən münbit torpaqlarda yerləşdirilib. N.Şavrov daha sonra qeyd edir ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda 1,3 milyon nəfər ermənidən bir milyonunu ruslar köçürüb. Rusiya imperiyasının erməniləri köçürməkdə məqsədi nə idi? Əlbəttə ki, Qafqaz regionunda ən güclü etnik və siyasi amil olan türk-müsəlman əhalisinə qarşı xristian azlığını süni şəkildə artırmaq, əsrlər boyu Qafqazda ən güclü dövlətçilik ənənələrinə malik olmuş Azərbaycan türklərinin bu ənənəni bərpa etmək ideyasının qarşısını almaq, regionu erməni gəlmə ünsürünün hesabına daim etnik münaqişələr fonunda uzunmüddətli təsir dairəsində saxlamaq və təbii resurslarını maksimum şəkildə mənimsəmək idi. Qafqazda ilk terror təşkilatları ermənilər tərəfindən yaradılıb. “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi erməni terrorçu partiyalarının əsas məqsədi Şərqi Anadolu və Azərbaycan ərazisinin yerli sakinləri olan türk-müsəlman əhalisini soyqırımına məruz qoyaraq bu ərazilərdə qondarma Ermənistan dövləti yaratmaq idi. Qaraçı hay qəbiləsinin törəməsi olan ermənilər tarix boyu sahib olmadıqları vətən və dövlət anlayışlarını məhz Şərqi Anadoluda və Azərbaycan torpaqlarında reallaşdırmaq istəyirdilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. Onun sözlərinə görə, ermənilər Azərbaycan xalqına qarşı ilk kütləvi qırğınları 1905-1906-cı illərdə törədiblər. Həmin illərdə Azərbaycanın müxtəlif ərazilərində erməni silahlı dəstələri tərəfindən 200-dən artıq kənd və 8 şəhər dağıdıldı. Bu zaman onların İrəvan, Naxçıvan, Dərələyəz, Göyçə, Ağbaba, Şörəyel, Sürməli, Qarabağ, Zəngəzur, Gəncə, Qazax, Borçalı və Tiflisdə törətdikləri soyqırımı tədbirləri nəticəsində 10 mindən çox dinc azərbaycanlı qətlə yetirildi. 1905-ci ilin mayında Bakı qubernatoru knyaz M.Nakaşidze “Daşnaksütyun” partiyasının 22 yaşlı üzvü Dro Kanayan tərəfindən qətlə yetirildi. Bu fakt erməni terrorunun təkcə azərbaycanlılara qarşı deyil, digər millətlərin də nümayəndələrinə qarşı amansız olduğunu göstərir. 1914-cü ilin iyulunda Birinci Dünya müharibəsinin başlanması ilə Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərginləşdi. O zaman Qafqaz cəbhəsində ruslar Osmanlı ordusuna qarşı döyüşlərdə erməni terror təşkilatları ilə əlbir hərəkət etdilər. 1917-ci ilin fevralında Rusiya imperiyasında inqilab nəticəsində Romanovlar sülaləsi devrildi. Həmin ildə “25 oktyabr çevrilişi” nəticəsində bolşeviklər hakimiyyətə yiyələndilər. Noyabrın 2-də Bakı Sovetinin İcraiyyə Komitəsi şəhərdə ali hakimiyyət orqanı elan olundu və onun sədri Azərbaycan xalqının qəddar düşməni olan Stepan Şaumyan seçildi. Azərbaycanlılara qarşı Mart soyqırımının əsas təşkilatçısı olan S.Şaumyan 1917-ci il dekabrın 16-da Rusiya bolşeviklərinin rəhbəri V.İ.Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin edildi. Bolşevik şineli geyinmiş bu erməni terrorçusu 1918-ci ilin mart-iyul aylarında minlərlə dinc azərbaycanlı əhalinin soyqırımına məruz qalması haqqında qərarlar vermişdi. 1917-ci ilin sonuncu rübündə Qafqaz cəbhəsindən geri dönən rus ordusu silahlarını bolşevik-daşnak qüvvələrinə təhvil vermişdilər. S.Şaumyan Bakıda əksəriyyəti erməni terrorçularından ibarət olan və Q.Korqanovun (Korqanyan) rəhbərlik etdiyi Qırmızı ordu adlanan 20 min nəfərlik qoşun təşkil etdi. Mart soyqırımı ərəfəsində Bakıda qanunsuz şəkildə cəmləşmiş və S.Şaumyandan soyqırımı əmri gözləyən hərbi qüvvələrin tərkibi 3 qrupdan ibarət idi: 1) Birinci Dünya müharibəsində iştirak etmiş və Osmanlı cəbhəsindən geri dönən 6 min nəfərlik çar ordusu - bu ordunun şəxsi heyətinin əksəriyyəti Bakı Sovetinin tabeliyinə keçmişdi; 2) “Daşnaksütyun” partiyasının 4 min nəfərlik silahlı dəstəsi; 3) Birinci Dünya müharibəsinin əvvəlində - 1914-cü ilin avqustunda yaradılmış Qafqaz yerli süvari diviziyasının (“Vəhşi diviziya”) qalığı olan az saylı hərbi qüvvələr.
1918-ci ilin yanvarında Müsəlman Korpusunun komandanı general Ə.Talışınskinin Bakıda həbs edilməsi şəhərin dinc azərbaycanlı əhalisinin etirazına səbəb oldu. Mart ayında Bakıda siyasi vəziyyəti gərginləşdirən digər bir hadisə isə Bakı Sovetinə seçkilərdə azərbaycanlıların ən böyük milli partiyası olan “Müsavat” partiyasının böyük səs çoxluğu ilə qələbə qazanması idi. Martın 15-də S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti “Daşnaksütyun” partiyasının Bakı komitəsi və digər erməni millətçi təşkilatları ilə Azərbaycan milli-azadlıq hərəkatının aparıcı qüvvəsi olan “Müsavat” partiyasına qarşı birgə fəaliyyət göstərmək haqqında gizli saziş bağladı. Bundan sonra S.Şaumyan “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası ilə əlbir hərəkət edərək qısa müddətdə Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün öz iyrənc planını işə saldı. O, martın 29-da Bakı limanından “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərksilah etmək haqqında əmr verdi. Azərbaycanlı əhali silahların geri qaytarılmasını tələb etdikdə martın 30-da bolşevik-daşnak qüvvələri atəş açmağa başladılar. Bununla da S.Şaumyanın təxribat planı baş tutdu. Martın 31-də səhər açılan kimi toplar və pulemyotlarla silahlanmış bolşevik-daşnak qüvvələri şəhər əhalisini vəhşicəsinə qətlə yetirməyə başladılar. Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci il martın 30-dan aprelin 2-dək 3 gün ərzində yalnız Bakı şəhərində 12 min nəfərdən çox azərbaycanlı öldürüldü. Bütövlükdə isə Bakı quberniyasında sentyabrın 15-dək davam etmiş kütləvi qırğınlar nəticəsində 50 min nəfərdən çox dinc azərbaycanlı əhali qətlə yetirildi. Bakıda “Təzəpir məscidi”nin və “Şah məscidi”nin minarələri top atəşinə tutuldu, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanaları dağıdıldı, Tağıyev teatrı, “İsmailiyyə” binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı.
“Bolşevik-daşnak hərbi birləşmələri Bakıdan başqa Azərbaycanın digər şəhərlərində də soyqırımı törətdilər. S.Şaumyan hələ martın 17-də Bakıdan 2 min nəfər top və pulemyotla silahlanmış qoşunu Şamaxı qəzasına dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün göndərmişdi. Mart-aprel aylarında S.Lalayan və T.Əmiryanın terrorçu dəstələri Şamaxı qəzasının 58 kəndini viran edərək, 8 min nəfərdən çox dinc sakinini qətlə yetirib və Şamaxı Cümə məscidini yandırmışdılar. “Azərbaycan” qəzetində Şamaxıya hücum edən düşmən ordusunun 4 min nəfər olduğu, onların isə yüzdə səksəninin erməni olması göstərilib. “Hümmət” qəzetində “Şamaxı əhvalı” adlı məqalədə Şamaxı şəhərinin bütünlüklə yandırıldığı qeyd edilib.
Mayın 1-də Qubaya hücum edən S.Hamazaspın başçılıq etdiyi 5 min nəfərlik daşnak dəstəsi S.Şaumyandan buradakı bütün müsəlmanları qətlə yetirmək, kəndləri viran qoymaq və bu hadisəni sünni və şiə əhalisi arasında münaqişə kimi qələmə vermək tapşırığı almışdı. Daşnaklar Quba, Qusar və Xaçmaz ərazilərində 26 məscidə od vurub yandırdılar. Bütövlükdə isə Quba qəzasında 17 min nəfərə yaxın dinc azərbaycanlı əhalini qətlə yetirdilər. Bakı, Şamaxı və Quba ilə yanaşı Lənkəran, Kürdəmir, Salyan, Göyçay, Naxçıvan, İrəvan, Göyçə, Vedi, Ağbaba, Şörəyel, Şərur- Dərələyəz və Zəngəzur qəzalarında da on minlərlə dinc azərbaycanlı əhalisi erməni daşnakları tərəfindən qətlə yetirildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində təkcə Zəngəzur qəzasında 115 kəndin viran edildiyi, 10 min nəfərdən çox dinc azərbaycanlı əhalinin qətlə yetirildiyi, onun isə 2200 nəfərinin uşaq olduğu qeyd edilib. Şərqi Anadoluda yerli türk-müsəlman əhalisinə qarşı qanlı əməlləri ilə tanınan erməni qulduru Andranik 1918-ci ilin mayından 1919-cu ilin martınadək Göyçədən Urmiya hövzəsinə və Zəngəzuradək böyük bir coğrafiyada 600 min nəfərədək dinc azərbaycanlı əhalini soyqırımına məruz qoymuşdur. 1920-ci ilin martında “Nyu York Tayms” qəzetinin “Cari tarix” bölməsində (11-ci cild, 2-ci nömrə) dərc edilmiş “Qafqazda yeni respublikalar” sərlövhəli məqalədə 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və ətraf bölgələrdə, eləcə də Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran, Qarabağ, Zəngəzur və Naxçıvanda Bakı Sovetinin “Daşnaksütyun” partiyası ilə birlikdə azərbaycanlılara qarşı milli qırğın törətməsindən bəhs edilir.
Beləliklə, 1918-ci ilin Mart soyqırımı erməni daşnaklarının Qafqazda törətdiyi ən qanlı hadisə kimi tarixə düşdü. 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanda qurulan sovet hökuməti dövründə daşnaklar Sovet Rusiyasının dəstəyi ilə Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun qərb hissəsini və Göyçə mahalının bir hissəsini ələ keçirdilər. 1918-ci il Mart soyqırımına ilk dəfə tarixi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. Onun 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
2013-cü ildə Qubada erməni silahlı dəstələri tərəfindən qətlə yetirilənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradıldı. Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olan 1918-ci il Mart soyqırımı XX əsrin ən böyük faciələrindən biridir”, - deyə Ramin Əlizadə qeyd edib.