REGİONLAR


Lənkəranlılar Zəfər Gününü böyük coşqu ilə qeyd edirlər

Lənkəran, 8 noyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm tarixi Qələbənin birinci ildönümünü böyük coşqu ilə bayram edir.

Vətən müharibəsində lənkəranlı gənclər də könüllü olaraq cəbhəyə gedərək döyüşlərdə qəhrəmanlıqlar göstəriblər. Ürəkləri Vətən eşqi ilə yanan bu gənclərdən 66 nəfəri qəhrəmancasına şəhid olub, 100-dən çoxu yaralanıb. İgid oğulları ilə fəxr edən lənkəranlılar xalqımızı çoxillik arzularına çatdıran Qələbə bayramını - Zəfər Gününü hədsiz sevinc hissi ilə qeyd edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü ilə əlaqədar Lənkəran rayonunda silsilə tədbirlər keçirilir.

Noyabrın 8-də Lənkəran şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə Zəfər Günü münasibətilə bayram tədbiri təşkil olunub.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları xiyabanda dəfn olunmuş şəhidlərin məzarları və abidə kompleksinin önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış lənkəranlı qəhrəmanların şərəfinə könüllülər tərəfindən havaya 66 balon buraxılıb.

Bayram tədbiri Lənkəran Şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları Mərkəzdə şəhidlərə həsr olunmuş rəsm sərgisi ilə tanış olub, lənkəranlı şəhidlər barədə çəkilmiş filmə baxıblar.

Tədbir bayram konserti ilə başa çatıb.

Noyabrın 8-də Lənkəran şəhərində Milli Qəhrəman Əsgər Əliyevin də xatirəsi anılıb.

Əsgər Ələkbər oğlu Əliyev 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak edərək qəhrəmancasına həlak olub.

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Əsgər Əliyev doğulduğu Lənkəran rayonunun Ləj kəndində dəfn edilib.

Qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkındakı büstün qarşısında keçirilən tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimai birliklərin təmsilçiləri, Ləj kənd məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları Milli Qəhrəman Əsgər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış lənkəranlı döyüşçülərə həsr olunmuş “Payızın 44 anı” kitabının təqdimatı keçirilib.

Kitabın təqdimatından sonra teatrın aktyorlarının ifasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.