Zəfər Günü münasibətilə Romada Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş tədbir İtaliya KİV-lərində geniş işıqlandırılıb
Roma, 12 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Romada keçirilən və Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr edilən tədbir İtaliya kütləvi informasiya vasitələrinin geniş diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Zəfər Günü münasibətilə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı kitabın “Xarıbülbül musiqi festivalı”, habelə Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi çərçivəsində səsləndirilmiş musiqilərdən ibarət videoparçaların müşayiəti ilə təqdimatı, eləcə də Şuşanın işğaldan əvvəl, işğal dövründə və işğaldan sonra görüntülərinə həsr olunmuş fotosərgi ilə bağlı İtaliya KİV-lərində çoxsaylı məlumatlar dərc edilib.
“Askanews”, “Insideover”, “Nova News”, “Giornale Diplomatico”, “Agenzia Nova”, “Kmetro0”, “Agenzia Stampa Italia”, “Opinio Juris”, “Eurasianews”, “My Wandering”, “Blastingnews” və sair kimi mətbuat orqanları tədbirlə bağlı geniş məlumatlar yayıblar.
Habelə “Rete Sole” televiziya kanalı, “Askanews” və “Eurasianews TV” tərəfindən istər musiqili gecə, istərsə də təşkil edilmiş sərgi barədə geniş videoreportaj yayımlanıb. Reportajlarda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin, Milli Məclisdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və təqdim edilmiş kitabın həmmüəllifi olan italiyalı professor Daniel Pommier Vinçellinin müsahibələrinə yer verilib.
“Askanews” informasiya agentliyi tərəfindən yayılmış videoreportaj, habelə İtaliyanın “İl Giornale d’Italia”, “Il Sole 24 Ore”, “Yahoo Notizie”, “Notizie Tiscali”, “Timgate”, “Quotidiano Nazionale”, “Virgilio”, “Il Tempo”, “Libero Quotidiano”, “Visto Sul Web”, “Corriere sull’Umbria”, “Daily Motion”, “Notizie.it” və “Attivo tv” tərəfindən də yayılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma