REGİONLAR
Lənkəran Dövlət Dram Teatrının truppası Biləsuvarda qastrol səfərində olub
Biləsuvar, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 26-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Biləsuvarda qastrol səfərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın aktyorları Biləsuvar Şəhər Mədəniyyət Evinin səhnəsində görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş” tamaşası ilə sənətsevərlər qarşısında çıxış ediblər.
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsərində ictimai inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun pozucu təsiri kəskin tənqid olunur.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun, rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin böyük maraqla izlədiyi tamaşada rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.