SİYASƏT


Siyasi ekspert: Azərbaycan Zəngəzur dəhlizinin açılmasında Rusiyanın da dəstəyini əldə edib

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Soçidə görüşü Azərbaycan diplomatiyasının böyük bir qələbəsidir. Buna biz Prezident İlham Əliyevin üçtərəfli görüşdən sonra mətbuata verdiyi bəyanata diqqət yetirməklə əmin ola bilərik. Dövlətimizin başçısı bildirmişdi: “Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır”. Bu sözləri Azərbaycan Prezidenti üç saat davam edən görüşdən sonra səsləndirib. Sözsüz ki, bu görüşdə Azərbaycanın maraqları təmin olunmasaydı və ya hər hansı bir təzyiq göstərilsəydi, dövlətimizin başçısı Azərbaycan və Rusiya arasında əlaqələri belə yüksək səviyyədə ictimaiyyətə təqdim etməzdi. Azərbaycan öz qonşularının fəaliyyətindən narazı olduğu zaman bunu həm aidiyyəti tərəflərə, həm də ictimaiyyətə bu və ya digər dərəcədə bildirirdi. Lakin çıxışın belə müsbət notlarda bitməsi Azərbaycanın qarşısına qoyduğu gündəliyin tam olaraq reallaşmasından xəbər verir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov deyib.

Məsələyə daha dərindən və xronoloji ardıcıllıqla nəzər yetirməyin məqsədəuyğun olduğunu vurğulayan ekspert bildirib: “Bildiyimiz kimi görüşə hər tərəf öz gündəliyi ilə gəlir. Realizmə əsasən dövlətlər danışıqlarda öz minimumundan uzaqlaşıb, maksimumuna yaxınlaşmağa çalışır. Azərbaycanın gündəliyi sərhədlərin delimitasiya və demarkasiyası üzrə təxirəsalınmaz tədbirlərin başlanılması, kommunikasiyaların bərpası istiqamətində əsaslı addımların atılması və sülh müqaviləsi üzərində işə başlanılmasından ibarət idi. Bunun tam əksi olaraq N.Paşinyanın timsalında Ermənistanın gündəliyi Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham etmək, bu əsasda Rusiyadan ən azı diplomatik dəstək almaq, hərbçilərin geri qaytarılması məsələsində praktik nəticələr əldə etmək, nəqliyyat-kommunikasiya xətlərinin Zəngəzur dəhlizi açılmadan deblokadası üzrə razılığına gəlmək və delimitasiya-demarkasiya prosesləri çərçivəsində Azərbaycana məxsus əraziləri özündə saxlamaqdan ibarət idi. Bu gündəlik N.Paşinyanın üçtərəfli görüş başlamazdan əvvəl diplomatik dildə səsləndirdiyi cümlələrdə əks olunmuşdu. N.Paşinyan nitqini yekunlaşdırdıqdan sonra yenidən çıxış edən Rusiya Prezidenti V.Putin diqqəti kommunikasiyaların açılmasına, delimitasiya və demarkasiya prosesinə və regional dinc birgəyaşayışa yönləndirdi. Başqa sözlə desək, Rusiyanın gündəliyini təqdim edən V.Putin, rəsmi Bakı və Moskvanın eyni maraqları hədəflədiyini birbaşa bildirib, dolayı yolla Paşinyanın iddialarını rədd edib. Bu hətta dövlət başçılarının ritorikalarında oxşarlıqda da seçilirdi”.

Siyasi ekspert görüşün əhəmiyyətindən danışarkən deyib: “V.Putinin mətbuata ümumi bəyanatı zamanı “nəqliyyat dəhlizlərinin açılması” ifadəsini işlətməsini xüsusi vurğulamaq lazımdır. Əgər Rusiya Prezidenti sadəcə “dəhliz” sözündən istifadə etsə idi, Ermənistan mütləq sürətdə bu ifadəni təhrif edib, onun Laçın dəhlizinə aid olduğunu qeyd edəcəkdi. Lakin dəhliz sözünün cəmdə verilməsi məntiqi olaraq Laçın dəhlizindən savayı hər hansı bir digər dəhlizin də olmasını qanunauyğun edir. Bu digər dəhliz başa düşdüyümüz kimi Zəngəzur dəhlizidir. Belə güman etmək olar ki, Zəngəzur dəhlizinin açılmasında Azərbaycan Rusiyanın da dəstəyini əldə edib. Zənn edirəm ki, buna iki vacib amil təsir göstərib. Əvvəla, Qarabağ və Naxçıvanın, o cümlədən Laçın və Zəngəzurun qarşılıqlı müqayisəsi belə məntiqi hökm formalaşdırır: Naxçıvan da Qarabağ kimi Ermənistanın yox, Azərbaycanın ayrılmaz hissəsi olduğuna görə əgər Ermənistan ona məxsus olmayan ərazidə öz soydaşları ilə dəhliz vasitəsilə qarşılıqlı əlaqə yaratmaq istəyirsə, ən azı eyni dərəcədə haqqa Azərbaycan da ona məxsus olan Naxçıvan ilə münasibətdə malik olmalıdır. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olması təkcə hüquqi yox, məntiqi olaraq Laçın dəhlizini də qeyri-aktual edir. Azərbaycan diplomatiyasının bu faktı Rusiyanın diqqətinə çatdırması, məsələni “elementar zərrəciklərə” qədər parçalayıb, mövqeyini dolğun və əsaslı izah etməsində şübhələr yoxdur.

Digər amil Ermənistanın son vaxtlar Rusiyaya qarşı diskreditə siyasətini həyata keçirməsidir. Bunu biz daha yaxşı Ermənistanın enerji siyasəti nümunəsində seyr edə bilərik. 2020-ci illə müqayisədə 2021-ci ildə Ermənistana Rusiyadan idxal olunan neft və neft məhsullarının həcminin azalması, İrandan gələn neft məhsullarının idxalının isə artması bunu deməyə əsas verir. Bunu daha bariz qaz idxalında da müşahidə etmək olar. Cari ilin birinci yarısında İrandan Ermənistana idxal olunan qazın həcmi 10 dəfə artdığı halda Rusiyadan idxal 2 dəfə azalıb.

Belə şəraitdə Ermənistanın Rusiya ilə qeyri-səmimi münasibətini yalnız Zəngəzur dəhlizini açmaqla qabaqlamaq mümkündür. Fərz etmək olar ki, bunu nəzərə alan rəsmi Moskva, Zəngəzur dəhlizinin onun maraqlarına tam cavab verməsi baxımından Azərbaycana bu məsələdə dəstəyini açıq nümayiş etdirməyi vacib bilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.