CƏMİYYƏT


Baş prokurorun müavini: Hazırda qara qutunun tədqiqi ilə bağlı peşəkar əməkdaşlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir

Bakı, 30 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin xəsarət alması, 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqın hazırkı mərhələsində noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalmış DSX-yə məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir. Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 30-da Baş Prokurorluqda təşkil olunan brifinqdə bu qurumun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

Qeyd olunub ki, cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-tibb, məhkəmə-texniki-yanğın və məhkəmə-ballistik ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır. Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla, zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Eyni zamanda, kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan, ajiotaj yarada biləcək məlumatların yayılmaması xahiş olunur. Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmə təmin ediləcəkdir.

Brifinqdə iştirak edən media nümayəndələrinin suallarını cavablandıran Baş prokurorun birinci müavini Elçin Məmmədov qara qutu ilə bağlı suala cavabında deyib: “Qeyd edildiyi kimi, istintaq qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib və helikopterin düşdüyü ərazidə qara qutu aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülüb. Hazırda həmin sübutun tədqiqi ilə bağlı peşəkar əməkdaşlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.