REGİONLAR
Lənkəranın tanınmış boksçusu məktəblilərlə görüşüb
Lənkəran, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Hirkan qəsəbə tam orta məktəbində Gənclər və İdman, Təhsil nazirliklərinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Çempionumuz” sosial idman layihəsi çərçivəsində boks üzrə altıqat Azərbaycan çempionu, Beynəlxalq turnirin qalibi, Dünya və Avropa çempionatının mükafatçısı, idman ustası İsmət Eynullayev ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Alim Dadaşov, Gənclər və İdman İdarəsinin əməkdaşları Sadiq Həmidov, Yusif Xamıyev boks üzrə məşqçi-müəllimlər Nazim Qulamov, Rauf Ağayev layihənin əhəmiyyətindən, lənkəranlı idmançı İsmət Eynullayevin qazandığı uğurlardan danışıblar.
Qarabağ müharibəsi iştirakçısı İsmayıl Ağayev, Qarabağ müharibəsi qaziləri Vüqar Əmrayev, Orxan Quluzadə Müzəffər Azərbaycan Ordusunun Qarabağ savaşında qazandığı qələbədən söz açaraq, şagirdlərə sağlam həyat tərzi keçirmək üçün idmanla məşğul olmağı tövsiyə ediblər.
Görüşdə çıxış edən boks üzrə tanınmış idmançı İsmət Eynullayev idman sahəsində qazandığı uğurlardan danışıb, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Çıxışlardan sonra idmana aid videoçarxın təqdimatı keçirilib.