RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında
ƏSASNAMƏ

Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 18 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir 
 
1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 may tarixli 2622 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra − Dövlət Komissiyası) radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyinin artırılması məqsədilə radiotezlik spektrinin bölünməsi və ayrılması sahəsində (bundan sonra – müvafiq sahə) vahid siyasətin hazırlanmasını və həyata keçirilməsini təmin edir, həmçinin bu sahədə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının radioxidmət idarələrinin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı işləri təşkil edir.

1.2. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Dövlət Komissiyasının müvafiq sahədə qəbul etdiyi qərarlar mülkiyyət formasından asılı olmayaraq radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan istifadə edən, habelə bu vasitələrin layihələndirilməsi, istehsalı və idxalı ilə məşğul olan bütün dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməlidir.

1.4. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri, xarici dövlətlərin səfirlikləri, diplomatik konsulluqları və nümayəndəlikləri ilə müvafiq sahədə münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir.

1.5. Komissiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

1.6. Dövlət Komissiyasının üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan xidməti blankı və möhürü vardır.

2. Dövlət Komissiyasının fəaliyyət istiqamətləri

2.1. Dövlət Komissiyası aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq Telekommunikasiya İttifaqının (bundan sonra – BTİ) Radiorabitə Reqlamentinə və bu sahədə digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının radioxidmətləri arasında radiotezlik spektrinin bölünməsini təmin etmək;

2.1.2. Azərbaycan Respublikasında radiotezlik zolaqlarının ayrılması və onlardan istifadə üzrə perspektiv istiqamətləri müəyyən etmək;

2.1.3. radiotezlik zolaqlarını ayırmaq;

2.1.4. radiotezliklərdən və radioelektron vasitələrdən istifadənin səmərəliliyini təhlil etmək və onlardan effektiv istifadə edilməsinə dair təkliflər hazırlamaq;  

2.1.5. müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi üzrə əlaqələndirmə işini təşkil etmək;

2.1.6. BTİ və digər beynəlxalq təşkilatlar çərçivəsində ümumdünya və regional radiorabitə konfranslarına hazırlıq üçün radiotezlik spektrinin bölünməsi və ondan istifadə ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək.

3. Dövlət Komissiyasının vəzifələri

3.1. Dövlət Komissiyası bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. radioelektron vasitələrin inkişaf tendensiyası nəzərə alınmaqla radiotezlik spektrinin bölünməsi və ondan istifadə sahəsində uzunmüddətli prioritetləri hazırlamaq;

3.1.2. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.3. Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planını və tezlik zolaqlarının ayrılma cədvəlini hazırlamaq və təsdiq etmək;

3.1.4. radioelektron vasitələrdən istifadə üçün radiotezliklərin ayrılmasına dair qərar qəbul etmək və qanunla müəyyən edilmiş hallarda həmin qərarı ləğv etmək;

3.1.5. radioelektron vasitələrin və yüksəktezlikli qurğuların layihələndirilməsi, istehsalı, təkmilləşdirilməsi və idxalı üçün radiotezlik zolaqlarını ayırmaq;

3.1.6. sərhədyanı və koordinasiya tələb olunan digər ölkələrlə radiotezliklərin koordinasiyası işlərinin aparılmasında iştirak etmək;

3.1.7. radiotezliklərdən istifadə qaydalarına əməl edilməsi ilə əlaqədar metodiki tövsiyələr hazırlamaq;

3.1.8. efir məkanının təhlükəsizliyi üzrə əlaqələndirilmədə iştirak etmək;

3.1.9. radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan səmərəli istifadə olunmasını təmin etmək üçün zəruri tədbirlər görmək;

3.1.10. radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən olunmasında iştirak etmək.

4. Dövlət Komissiyasının hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Dövlət Komissiyasının aşağıdakı hüquqları vardır:

4.1.1. bu Əsasnamə ilə həvalə edilmiş vəzifələrin icrası, habelə daxil olmuş müraciətlərin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti məlumatların, materialların və sənədlərin alınması ilə bağlı dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, eləcə də xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və konsulluqlarına, beynəlxalq təşkilatların nümayəndəliklərinə sorğular göndərmək, görülən işlər barədə arayışlar və hesabatlar almaq;

4.1.2. dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və asayişi mühafizə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə hüquqi və fiziki şəxslərə ayrılmış radiotezliklərin başqa radiotezliklərə keçirilməsi şərtilə dəyişdirilməsini həyata keçirmək;

4.1.3. fəaliyyət istiqamətləri üzrə ekspertlər cəlb etmək;

4.1.4. Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planına və tezlik zolaqlarının ayrılma cədvəlinə uyğun olaraq tədbirlər görmək.

5. Dövlət Komissiyasının fəaliyyətinin təşkili

5.1. Dövlət Komissiyasının işinə sədr rəhbərlik edir.

5.2. Dövlət Komissiyasının sədri:

5.2.1. Dövlət Komissiyasının fəaliyyətini təşkil edir;

5.2.2. Dövlət Komissiyasının üzvləri ilə birlikdə müzakirə olunmalı məsələləri müəyyənləşdirir və Dövlət Komissiyasının iclaslarına rəhbərlik edir;

5.2.3. Dövlət Komissiyasına daxil olan müraciətlərə baxılmanı təşkil edir.

5.3. Dövlət Komissiyasının sədri və üzvləri bu Əsasnamə ilə Dövlət Komissiyasına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar.

5.4. Dövlət Komissiyasının sədri olmadıqda onun səlahiyyətlərini Dövlət Komissiyasının qərarı əsasında Dövlət Komissiyasının üzvlərindən biri həyata keçirir.

5.5. Dövlət Komissiyasının səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır.

5.6. Dövlət Komissiyasının iclasları mütəmadi olaraq, lakin 2 (iki) ayda bir dəfədən az olmayaraq keçirilir. İclaslar Dövlət Komissiyası sədrinin və ya Dövlət Komissiyasının ən azı üç üzvünün təşəbbüsü ilə çağırıla bilər.

5.7. Dövlət Komissiyasının iclasları onun sədri və ən azı 3 (üç) üzvü iştirak etdikdə səlahiyyətlidir.

5.8. Dövlət Komissiyasının qərarı ilə dövlət orqanlarının (qurumlarının), digər təşkilatların nümayəndələri, zərurət yarandığı halda isə ekspertlər Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.

5.9. Dövlət Komissiyasının qərarları iclasda iştirak edən Dövlət Komissiyası üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Qərar qəbul edilərkən səslər bərabər olduqda Dövlət Komissiyası sədrinin səsi həlledicidir. Səsvermə zamanı xüsusi rəyi olan Dövlət Komissiyasının üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.

5.10. Dövlət Komissiyası, zərurət yarandıqda, radiotezliklərdən səmərəli istifadə ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq sahənin inkişafı üzrə texniki və hüquqi sənədlərin hazırlanması ilə bağlı işçi qrup yaradır.

5.11. Dövlət Komissiyasının nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Katiblik Dövlət Komissiyasının iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.

5.12. Dövlət Komissiyasının iclasının nəticəsi Dövlət Komissiyasının sədri və iclasda iştirak edən üzvləri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

5.13. Komissiyanın qəbul etdiyi qərarlar və verdiyi icazələr haqqında Komissiya üzvlərinə Katiblikdən yazılı məlumat bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
04.08.2022 [13:20]
Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 16 dekabr tarixli 330 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 83 nömrəli, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 3 iyun tarixli 101 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 174 nömrəli və “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 21 dekabr tarixli 187 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
04.08.2022 [13:18]
Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 357-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 653 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 dekabr tarixli 762 nömrəli, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununun tətbiqi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 25 iyun tarixli 919 nömrəli, “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2013-cü il 1 noyabr tarixli 18 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 825-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 42 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı