SİYASƏT


1969-cu il 14 iyul tarixi Azərbaycanda milli intibahın başlanğıc tarixidir

Bakı, 14 iyul, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış dövrüdür. Dünya şöhrətli siyasi xadim müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində keçmiş SSRİ miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir respublikalar sırasına daxil olub: “Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilən daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atılıb. Ümummilli lider Heydər Əliyev həm də böyük bir yolun başlanğıcını qoyub. Bu mənada, 1969-cu il 14 iyul tarixi Azərbaycanda milli intibahın başlanğıc tarixidir”.

Sədaqət Vəliyeva vurğulayıb ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Deputat qeyd edib: “Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Bütün bunlarla yanaşı, Ümummilli Lider ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olub. Misli görünməmiş cəsarət nümunəsi nümayiş etdirməklə 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub”.

“1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müstəqil dövlətin memarı və qurucusu kimi Azərbaycan tarixində Ümummilli Lider səviyyəsində özünə yer tutub”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ulu Öndərin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün həqiqətə çevrilməkdədir. “Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz sürətlə inkişaf edir. Təsadüfi deyil ki, Ümummilli Liderimizin vəsiyyətlərini yerinə yetirən Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə, Şuşanı yenidən bərpa etməklə, Zəngəzur dəhlizini reallaşdırmaqla 1969-cu ildən başlanan yolun uğurla davam etdirildiyini isbatlayır. Bu yol Azərbaycan müstəqilliyinin daha da gücləndirilməsi, möhkəmləndirilməsi və inkişafının mayakıdır. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir”, - deyə deputat əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.