ELM VƏ TƏHSİL


Orta əsrlər dil tariximizi araşdırmaq üçün dəyərli mənbə

Bakı, 26 yanvar, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Vahidə Cəfərzadənin “Mustafa Zəririn “Fütühüş-şam” əsəri çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktorları akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Zahidoğludur. Əsərin rəyçiləri isə Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, professor Sevil Mehdiyeva və dosent Reyhan Mədətovadır.

XIV əsrdə həm şair, həm də nasir kimi tanınmış ərzurumlu Mustafa Zərir bir sıra tərcümə əsərlərinin müəllifidir. Onun dini-fəlsəfi və tarixi məzmunlu “Fütühüş-şam” əsəri VII-IX əsrlərdə yaşamış İslam tarixçisi Əbu Abdullah Məhəmməd bin Ömər əl-Vaqidinin ərəbcə yazdığı eyniadlı əsərin Azərbaycan dilinə tərcüməsidir. Əsərin ən böyük məziyyəti onun canlı xalq danışıq dilində yazılması və XIV əsr Azərbaycan dilinin incəliklərini özündə əks etdirməsidir. Bu mənada “Fütühüş-şam” orta əsrlər dil tariximizi araşdırmaq üçün əvəzsiz bir qaynaqdır. Tərcümənin əlyazma nüsxələrindən biri Türkiyənin Kütahya vilayəti Dovşanlı qəsəbəsinin Zeytunoğlu xalq kitabxanasında saxlanılır. Əsər çapa hazırlanarkən bu nüsxə əsas götürülüb və İstanbul nüsxəsi ilə müqayisələr aparılıb.

Əlyazma ilk dəfə ərəb əlifbasından müasir əlifbaya transfoneliterasiya olunaraq nəşr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.