ELM VƏ TƏHSİL


Ölkəmizdə ilk dəfə milli terminoloji informasiya modeli yaradılır

Bakı, 26 yanvar, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiya işlərinə dair müzakirələr aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş mütəxəssis Əfruz Qurbanova “Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edib.

Mövzunun aktuallığından söz açan iddiaçı bildirib ki, dissertasiya işinin məqsədi milli terminoloji informasiya mühitinin analizi, real vəziyyətin qiymətləndirilməsi, müvafiq qərarların qəbul edilməsi məqsədilə milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənilməsidir.

Sonra institutun baş mütəxəssisi Kəmalə Haşımova çıxış edərək “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, tədqiqat işinin əsas məqsədi internet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması, müştəri məmnuniyyətinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsidir.

Hər bir iddiaçının dissertasiya işinə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev hər iki dissertasiya işinin aktual problemlərə həsr olunduğunu, müvafiq istiqamətlərdə araşdırmaların intensivləşdirilməsinin, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd edib.

Akademik institutda terminologiya sahəsində xarici təcrübə və beynəlxalq standartların araşdırılması istiqamətində əsaslı tədqiqatlar aparıldığını bildirib: “Biz müvafiq biliklər və təklif etdiyimiz yeni yanaşma əsasında ölkəmizdə ilk dəfə olaraq milli terminoloji informasiya modelini yaradırıq”.

Alim milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində tədqiqatların dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini verib, tədqiqatın gələcəkdə də davam etdirilməsinin önəmini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.