CƏMİYYƏT


Ölkə ərazisində köçəri və oturaq quşların sayı araşdırılır

Bakı, 26 yanvar, AZƏRTAC

Köçəri və oturaq quşların sayında olan dinamikanın izlənilməsi məqsədilə araşdırmalara başlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının iştirakı ilə hazırda köçəri və oturaq quşların sayının araşdırılması Qızılağac, Şirvan, Abşeron, Ağgöl, Göygöl milli parklarında, Samux, Varvara, Ağzıbir, Yaşma, Sarısu ovçuluq təsərrüfatlarında və onlarla həmsərhəd olan ərazilərdə həyata keçirilir.

O qeyd edib ki, ilkin nəticələrə görə, ölkənin ornitofaunasında müəyyən dəyişikliklər müşahidə olunur. Marşrut üsulu, teleskopla müşahidə və qayıq vasitəsilə aparılan tədqiqatlar nəticəsində Abşeron Milli Parkında və Sarısu gölündə əvvəlki illərlə müqayisədə köçəri və oturaq quşların sayında artım, Qızılağac Milli Parkında və Kür çayının deltasında isə bir qədər azalma müşahidə edilir. Bu isə qlobal iqlim dəyişikliyinin nəticəsi olaraq havaların isti keçməsi ilə əlaqədar cənuba miqrasiyanın azalması ilə bağlıdır.

“Avrasiyadakı köçəri quşların miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir və quşların əsas miqrasiya marşrutları üzərində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar mövcuddur. Ölkəmizdə 400-dən çox ornitofauna növü var. Qızılağac, Ağgöl, Abşeron, Şirvan milli parklarının ərazisində həmin növlərin qorunması ilə yanaşı, ekoturizmin bir istiqaməti olan “quşların müşahidəsi” (birdwatching) üçün də geniş imkanlar mövcuddur. Qızılağac və Ağgöl milli parkları daha geniş ornitoloji imkanlarına görə beynəlxalq əhəmiyyətli Su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının siyahısına daxil edilib”, - deyə xidmətin rəsmisi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.