DÜNYA
Cənubi Koreyada yüksək patogen quş qripi aşkarlanıb
Pekin, 26 yanvar, AZƏRTAC
Cənubi Koreyada cari mövsümdə növbəti dəfə yüksək patogen quş qripinə (H5N1) yoluxma aşkarlanıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, virus paytaxt Seuldan 280 kilometr cənubda yerləşən Buan şəhərindəki 25 min ördəyin saxlanıldığı fermada quşlardan götürülmüş nümunədə aşkar edilib. Bununla da cari mövsümdə Cənubi Koreyada quş qripi aşkarlanmış fermaların sayı 26-ya çatıb. Səlahiyyətli qurumlar ferma sahiblərinə quş qripi virusuna qarşı diqqətli olmaq, şübhə doğuran hal müşahidə edildiyi halda dərhal məlumat vermək barədə xəbərdarlıq edib.
Qeyd edək ki, quş qripinin (avian influenza) alttipi H5N1 virusu müxtəlif quşlar və heyvanlarda yüksək dərəcədə öldürücülük qabiliyyətinə malik xəstəlik törədir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi yerlərdəki bütün quşlar tələf edilməlidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin