CƏMİYYƏT


YAP Nəsimi rayon təşkilatında seminarlar keçirilib

Bakı, 26 yanvar, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin gördüyü işlər”, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanist addımları” mövzularında seminarlara start verilib.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Seminar Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış edən A.Süleymanov dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva Prezident İlham Əliyev tərəfindən yürüdülən mütərəqqi siyasət barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətin dünya miqyasında yüksək qiymətləndirildiyini söyləyib.

Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının əməkdaşı Abbas Pənahov ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb.

Sonda çıxış edən Nəsimi rayon bələdiyyəsinin sədr müavini Söhrab Həşimov Ulu Öndərin gənclərə göstərdiyi qayğıdan bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.