SİYASƏT
1988-Cİ İLİN FEVRALINI XATIRLAYARKƏN
1988-ci ilin fevralında baş vermiş faciəli hadisələrin ildönümü ərəfəsində Sumqayıtda dəyirmi masa keçirilmişdir.
Şəhər İcra Hakimiyyətinin başçısı Təvəkkül Məmmədov tədbiri acaraq bildirmişdir ki, erməni separatçılarının xalqımıza qarşı xəyanətkarlığının, fitnəkarlığının daha bir səhifəsi olan o dəhşətli, qanlı günlərdən 15 il ötür.
Dəyirmi masanın iştirakçıları - faciəli günlərin şahidləri olmuş sənaye müəssisələrinin, idarələrin rəhbərləri, alimlər, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri 27 fevral gecəsi Sumqayıtda baş vermiş hadisələrin xronologiyasını xatırlamışlar. Natiqlər hadisələrin başvermə səbəblərindən və mahiyyətindən, nəticələrindən danışaraq, o qanlı faciənin başlıca günahkarı, SSRİ prezidenti Mixail Qorbaçovun çirkin rolunu xüsusi vurğulamışlar. Həmin günlər baş verənlərin mərkəz tərəfindən planlaşdırıldığı, təşkil olunduğu və həyata keçirildiyi konkret faktlar əsasında sübut edilmişdir. 83 millət və xalqın nümayəndələrinin mehribanlıq, dostluq şəraitində yaşadığı, çoxlu beynəlmiləl ailələrin yarandığı şəhər kimi şöhrət tapmış Sumqayıt zorla bu cinayətkar prosesə cəlb olunmuşdu. Şəhər sakinlərinin fikrincə, azərbaycanlıların milli və dini sülhsevərliyi, dözümlülüyü olmasaydı, qurbanların sayı, şübhəsiz, daha çox ola bilərdi.
Müzakirə iştirakçıları uzaqgörən müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin o illər siyasi fəaliyyətdən uzaqlaşdırıldığını təəssüflə xatırlayaraq bildirdilər ki, onun bacarığı və böyük təcrübəsi faciə ilə nəticələnən bu cür təhlükəli ideyanın hətta meydana çıxmasının belə qarşısını alardı.