REGİONLAR


1991-ci il dekabrın 16-da Naxçıvanda qəbul olunan qərar azərbaycançılıq ideologiyasının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır

Naxçıvan, 16 dekabr, Rauf Əliyev, AZƏRTAC

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və imzası ilə hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edən bu hadisə azərbaycançılıq ideologiyasının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından önəmlidir.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatının dekabrın 16-da Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində “Ümummilli lider Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda keçirdiyi elmi konfransda çıxış edən partiyanın şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bu barədə ətraflı söhbət açıb.

“Ümummilli lider Heydər Əliyev və milli ideologiya məsələləri” mövzusunda məruzə edən Elman Cəfərli bildirib ki, ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən respublikanın gələcək müstəqilliyini aydın görür, özünün bütün fəaliyyətini ümummilli mənafelərin həyata keçirilməsinə həsr edirdi. 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasına, 1993-cü ildən etibarən isə müstəqil Azərbaycan Respublikasına rəhbərlik edərkən o, azərbaycançılıq məfkurəsini xalqımızın vahid milli ideologiyası kimi irəli sürüb, bu ideyaları daha da inkişaf etdirərək milli ideologiyamızın nəzəri və təcrübi konsepsiyasını yaradıb, dövlətçilik ideologiyası kimi inkişaf etdirib.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirir”, - deyən YAP Naxçıvan şəhər təşkilatının sədri bildirib ki, hazırda milli ideologiyamız bütün prinsiplər üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

YAP Naxçıvan şəhər təşkilatı Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il və 16 dekabr 1991-ci il tarixli qərarları və onların tarixi əhəmiyyəti” mövzusunda məruzəsində bildirib ki, ümummilli lider Heydər Əliyev Naxçıvanda yaşadığı və muxtar respublikaya rəhbərlik etdiyi illərdə müstəqil Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılan bir sıra mühüm qərarlara imza atıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasına rəhbərlik edən Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu Dövlət Bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi kimi qəbul edilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü il noyabrın 17-də bundan sonra hər il bu günün Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb və həmin gün Naxçıvan şəhərində möhtəşəm Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimi olub. Bu Sərəncam Ümummilli Liderimizin xatirəsinə böyük ehtiramın əlaməti olmaqla yanaşı, Naxçıvanın müstəqil Azərbaycanın tarixində oynadığı mühüm rolun əbədiləşdirilməsinə də böyük töhfədir.

Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi imza atdığı mühüm qərarlardan biri isə 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar olub.

Naxçıvan Özəl Universitetinin idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda məruzəsində qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə ilk dəfə olaraq 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib, bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Məhz bundan sonra dünyaya səpələnmiş milyonlarla azərbaycanlı təşkilatlanmağa başlayıb, vahid azərbaycançılıq ideologiyası və müstəqil dövlətimizin bayrağı altında birləşərək ümummilli həmrəylik ideyası uğrunda səfərbər olunub.

Vurğulanıb ki, dövlətimizin başçısı İlham Əliyev bu sahədə də Ulu Öndərimizin siyasətini uğurla davam etdirir. 2006-cı və 2011-ci illərdə keçirilən Dünya Azərbaycanlılarının II və III qurultayları artıq həmin siyasətin əsaslı nəticələr verdiyini bir daha sübut etdi.

Konfransda YAP sıralarına yeni qəbul edilənlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Sonda konfrans iştirakçıları Dövlət Bayrağı Muzeyinin eksponatları ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.