REGİONLAR
1993-cü il iyunun 15-i Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
Tərtər, 16 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkə tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Onun qətiyyəti, müdrik siyasəti nəticəsində ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas oldu, siyasi sabitlik və inkişaf əldə edildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Tərtərdə keçirilən tədbirdə səsləndirilib. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının iqamətgahında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyəti, hərc-mərcliyi ətraflı təhlil edib, Ulu Öndərin xilaskarlıq missiyasından danışıb. Bildirib ki, 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyət boşluğu, xaos hökm sürürdü. Ölkədə vəziyyət gündən-günə kəskinləşirdi və Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin müxtəlif yerlərində separatçılıq meyilləri baş qaldırırdı. Məqsəd Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək idi. Belə bir ağır vəziyyətdə xalq yeganə qurtuluş yolunu Heydər Əliyevdə görürdü. Beləliklə, xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Ulu Öndərin müdrik siyasəti nəticəsində ölkə siyasi böhrandan, parçalanmaq təhlükəsində xilas olaraq, sabitlik və inkişaf yoluna qədəm qoydu.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov, rayon prokuroru Şıxəli Alməmmədov, YAP rayon təşkilatı Aparatının baş məsləhətçisi Eldar Əsədov və digərləri iyunun 15-ni ölkəmizdə siyasi sabitliyin və sosial-iqtisadi inkişafın başlandığı gün kimi xarakterizə edib, Ümummilli Liderin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsində sahəsindəki misilsiz xidmətlərindən danışıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Həmin gün Heydər Əliyev adına parkda Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, uşaq-gənclər inkişaf mərkəzinin və 2007-ci il muğam müsabiqəsinin laureatı Şəmsəddin İbrahimovun ifasında konsert proqramı təqdim olunub.