CƏMİYYƏT


19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu tarix ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib.

BMT baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 2003-cü il avqustun 19-da Bağdaddakı “Kanal Otel”də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.

Dünyada qarşıdurma və müharibələr 68 milyondan çox insanın doğma yurdlarından didərgin düşməsinə, evsiz qalmasına səbəb olub. Uşaqlar və kişilər məcburi olaraq silahlı qruplara cəlb edilir, qadınlar təcavüzə və istismara məruz qalırlar.

Humanitar yardım fəalları dünya miqyasında milyonlarla insanın həyatını qurtarmaq üçün köməklərini əsirgəmirlər. Onlar münaqişə zonalarında, təbii fəlakətlərin baş verdiyi ərazilərdə yardıma ehtiyacı olanlara köməyə tələsir və bəzən həyatlarını riskə atırlar. Belə ki, 700-dən çox humanitar yardım işçisi ya həlak olub, ya da ölümlə üz-üzə gəlib. Humanitar yardım qrupları aclıqdan, müharibələrdən, cinsi ayrı-seçkilik və şiddətdən, təbii fəlakətlərdən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə, uşaqlara, təmiz suya ehtiyacı olanlara kömək əllərini uzadırlar.

Təbii fəlakətlərdən əziyyət çəkən insanların sayı son on ildə artıb. Hər il təxminən 211 milyon nəfər təbii fəlakətlərin mənfi təsirinə məruz qalır. Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.