ELM VƏ TƏHSİL
2003/2004-CÜ TƏDRİS İLİ ƏVVƏLKİLƏRDƏN BİR ÇOX MÜSBƏT CƏHƏTLƏRİ İLƏ FƏRQLƏNİR
M.Mərdanov bildirmişdir ki, hökumətin həyata keçirdiyi tədbirlər, beynəlxalq təşkilatların və iş adamlarının göstərdikləri yardımlar sayəsində yeni tədris ili əvvəlkilərdən xeyli müsbət cəhətləri ilə fərqlənir. Belə ki, Yaponiyanın ölkəmizdəki səfirliyi tərəfindən 14 yeni məktəb binası tikilib istifadəyə verilmiş, hökumətin ayırdığı vəsait hesabına 200-dən artıq məktəbdə əsaslı təmir işləri görülmüşdür. İş adamı Ağamirzə Əhədovun öz vəsaiti hesabına Ucar rayonunun Çiyni kəndində tikdirdiyi ikimərtəbəli məktəb binası Avropa standartlarına uyğundur.
Birinci sinif şagirdlərinə pulsuz dərs ləvazimatı verilmişdir. İbtidai siniflər dərs vəsaitləri ilə tam təmin edilmişlər, işğal olunmuş rayonların məktəblərinə isə bütün dərsliklərin pulsuz paylanması üçün dövlət büdcəsindən vəsait ayrılmışdır.
Nazir demişdir ki, ölkəmizin təhsil müəssisələrində qışa hazırlıq işlərində də xeyli irəliləyiş var. Təhsili inkişaf etdirmək, mövcud problemləri aradan qaldırmaq üçün donor təkşilatlar və beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılır. Bəzi danışıqlar isə artıq başa çatmışdır. Səudiyyə İnkişaf Fondunun ayırdığı kredit hesadına ümumi dəyəri 9,7 milyon ABŞ dolları olan və müasir tələblərə cavab verən 5 məktəb binasının tikilməsi üçün bu qurumla protokol imzalanmışdır.
M.Mərdanov sonda jurnalistləri maraqlandıran suallara cavab vermişdir.