2003-CÜ İLDƏ DÖVLƏT NEFT FONDUNUN GƏLİRLƏRİ 1819,9 MİLYARD MANAT OLMUŞDUR
AzerTAg.az
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2003-cü il ərzində Fondun gəlirləri 1819,9 milyard manat, xərcləri 1180,1 milyard manat olmuşdur.
Ötən il ərzində neft sazişlərinin həyata keçirilməsi ilə bağlı Dövlət Neft Fondunun gəlirləri 1636,7 milyard manat, o cümlədən mənfəət neftinin satışından 869 milyard manat, akrhesabı ödənişlərdən 94,6 milyard manat, neftə Bakı-Supsa ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 63,6 milyard manat, bonus ödənişlərindən 608,9 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən 0,6 milyard manat təşkil etmişdir. Bonus ödənişlərindən daxil olan gəlirlərin 320,7 milyard manatını Azərbaycan Respublikasının Milli Bankında saxlanılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin maliyyələşdirilməsi çərçivəsində ödənilmiş vəsait, 49,1 milyard manatını ABŞ-ın Ekson-Mobil şirkətinin (“Zəfər-Məşəl” yataqlarında qazma işlərinin başlanılması ilə əlaqədar), 239,1 milyard manatını isə LUKoyl (Rusiya) şirkətinin (D-222 Bloku üzrə müqavilə ərazisinin artırılmasına görə) bonus ödənişləri təşkil edir. 2003-cü il ərzində Neft Fondunun vəsaitinin idarə olunmasından 183,2 milyard manat gəlir əldə edilmişdir.
Vəsaitlərin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində Neft Fondunun 2003-cü il büdcəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli və 2002-ci il 3 may tarixli Fərmanlarına uyğun olaraq, habelə Ermənistanın etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Neft Fondundan 99,8 milyard manat ödənilmiş, 576 milyard manat Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin maliyyələşdirilməsinə yönəldilmiş, 500 milyard manat dövlət büdcəsinə transfer edilmişdir. Ötən il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 4,3 milyard manat olmuşdur. Mənfəətdən vergi kimi dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi isə 12 milyard manat təşkil etmişdir.
2003-cü ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik – hesabat valyutası üzrə (Azərbaycan manatı) 5,08 faiz, baza valyutası üzrə (ABŞ dolları) isə 4,45 faiz təşkil etmişdir.
2003-cü il yanvarın 1-nə 3 trilyon 387,3 milyard manat (təqribən 692 milyon ABŞ dolları) təşkil etmiş Neft Fondunun vəsaiti 2004-cü ilin yanvar ayının 1-nə 4 trilyon 15 milyard manata (təqribən 815 milyon ABŞ dolları) bərabər olmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var