CƏMİYYƏT
2004-CÜ İLDƏ NƏRƏ BALIĞI OVUNDA AZƏRBAYCANIN KVOTASI 109 TON OLACAQDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqyetişdirmə departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, CİTES-in (BMT-nin vəhşi heyvanların və yabanı bitkilərin nadir növləri ilə beynəlxalq alver haqqında Konvensiyası) tövsiyəsi ilə Xəzər dənizinin su bioloji ehtiyatlarına dair Dövlətlərarası komissiya vahid metodika əsasında Xəzərin balıq ehtiyatlarına monitorinq keçirməli, nərə balığı ovuna ümumi kvotanı müəyyənləşdirməli, onu bütün Xəzəryanı ölkələr arasında bölüşdürməli idi. Lakin Xəzərin balıq ehtiyatlarının yeni metodika ilə monitorinqini yalnız dörd Xəzəryanı dövlət keçirmişdi. Bu metodikanı qəbul etməyən İran isə öz kvotasını əvvəlki sxemlə müəyyənləşdirirdi. İran tərəfinin yeni metodikadan imtina etməsi nəticəsində CİTES qalan ölkələrə də nərə balığı ovuna və qara kürü ixracına ötən ilki kvotalarını dəyişməməyi məsləhət görmüşdür. Azərbaycan nümayəndə heyətinin təkidi ilə əlavə balıqyetişdirmə üçün Xıllı balıqyetişdirmə zavoduna 5 ton kvota ayrılmışdır.
Prosedura müvafiq olaraq, nərə balığı ovu və qara kürü ixracı barədə həmin iclasda razılaşdırılmış kvotalar təsdiq üçün CİTES-in daimi komissiyasına təqdim ediləcəkdir.