İQTİSADİYYAT
2004-CÜ İLİN DÖVLƏT BÜDCƏSİNDƏ SOSİALYÖNÜMLÜ XƏRCLƏR 60 FAİZ TƏŞKİL EDƏCƏKDİR
Mətbuat konfransını açan nazir qeyd etdi ki, ölkənin əsas iqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) həcmi 2003-cü ilin 9 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 25,3 trilyon manata çatmışdır. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 12,1 trilyon manat sərmayədən istifadə edilmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 71 faiz çoxdur. Ötən 9 ayda inflyasiyanın səviyyəsi 2 faiz olmaqla, qiymətlərin və tariflərin sabit qalması təmin olunmuşdur. Dövlət büdcəsi xərclərinin icrası zamanı sosialyönümlü tədbirlərə üstünlük verilmişdir. Başqa sözlə, xərclərin 43,8 faizi və ya 1825,1 milyard manatı sosial məqsədlərə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.
2004-cü il dövlət büdcəsinin gəlirləri 6957,0 milyard manat nəzərdə tutulur ki, bu da 2003-cü ilin proqnozuna nisbətən 865 milyard manat və ya 14 faiz çoxdur. Dövlət büdcəsinin gəlirləri 2004-cü ildə istehsal olunacaq ÜDM-in 18,7 faizini təşkil edəcək ki, bu da 2003-cü ilin proqnozu səviyyəsində olmaqla gözlənilənə nisbətən 0,8 bənd çoxdur.
2004-cü il dövlət büdcəsinin xərcləri 7272,0 milyard manat nəzərdə tutulub ki, bu da 2003-cü ilin proqnozuna nisbətən 849,0 milyard manat və ya 13,2 faiz, gözlənilənə nisbətən 913,0 milyard manat və ya 14,4 faiz çoxdur.
Maliyyə naziri qeyd etdi ki, dövlət büdcəsinin tərkibində sosialyönümlü xərclər üçün 4363,0 milyard manat və ya 60,0 faiz nəzərdə tutulmuşdur ki, bu da 2003-cü illə müqayisədə 15,0 faiz çoxdur.