İQTİSADİYYAT
2004-CÜ İL ÜÇÜN KİÇİK QRANTLAR PROQRAMI TƏQDİM EDİLDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar üzrə mütəxəssisi Səidə Bağırova və Avrasiya Fondu Bakı nümayəndəliyi direktorunun müavini Camal Şahverdiyev proqram haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, hər üç təşkilatın proqram üçün nəzərdə tutulmuş vəsaitinin ümumi məbləği 100 min ABŞ dolları həcmindədir. Proqramın məqsədi gəlirsiz, qeyri-hökumət, qeyri-təhsil təşkilatlarının fəaliyyətini dəstəkləməkdir. Bu ildən bələdiyyələrin inkişafı da proqramın vacib istiqamətindən biri olacaqdır.
Natiqlər qrant almaq üçün seçim şərtləri və alınmış vəsatdən istifadə qaydaları haqqında ətraflı məlumat vermişlər.
Layihələr bir illik tərtib olunmalıdır. Hər bir layihə çərçivəsində veriləcək qrantın məbləği 12 min ABŞ dollarına qədər ola bilər. Adətən təqdim olunmuş 100 layihənin 7-si seçilir. Siyasi fəaliyyət, tədqiqat layihələri, rəsmi tədris-treninq proqramları isə maliyyələşdirilmir, həmçinin, fərdlərə yardım göstərilmir. Ərizələr bu il martın 31-dək Dünya Bankının İçərişəhərdəki ofisində qəbul ediləcəkdir. Qrantın verilib-verilməyəcəyi mayın 10-da məlum olacaqdır.