REGİONLAR


2005-Cİ İLİ AĞSTAFALILAR UĞURLA YOLA SALMIŞLAR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən iclasda 2005-ci ildə görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələrdən danışılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayevin 2005-ci ildə sosial-iqtisadi inkişafın yekunları və 2006-cı ildə qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycanın müasir inkişaf tarixinin Heydər Əliyevin adı ilə bağlı olmasından, ulu öndərin öz xalqına sədaqətlə xidmətindən, xoşbəxt gələcəyimizin təmin olunması yolunda uzaqgörənliklə həyata keçirdiyi tədbirlərdən, respublikamızın güclü dövlətə çevrilməsi üçün göstərdiyi əvəzolunmaz xidmətlərindən danışdı, bildirdi ki, Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirir, xalqın rifahının, ölkənin sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün yorulmadan çalışır.

Rayon icra hakimiyyəti başçısı bildirdi ki, ötən il 2590 nəfər işlə təmin olunmuşdur ki, onların da 51 faizi daimi işləyənlərdir.

Hesabat ilində rayonda istehsal olunmuş məhsulun və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 7,5 milyon manat artaraq 34,6 milyon manat olmuşdur. Məhsulun və xidmətlərin əsas hissəsi, yəni 53,5 faizi kənd təsərrüfatının payına düşmüşdür.

Hesabat dövründə tikinti, nəqliyyat, rabitə, ticarət və sair xidmət sahələrində də artım əldə edilmişdir. Əvvəlki ilə nisbətən 2005-ci ildə sənayedə 2 dəfə, kənd təsərrüfatında 5 faiz, tikinti-quraşdırma işlərində 4 dəfə, nəqliyyatda 1,5 faiz, rabitədə 29,9 faiz, ticarət və xidmət sahəsində isə 16 faiz artım müşahidə edilmişdir.

Hesabatda, həmçinin bələdiyyə orqanlarının fəaliyyətindən, dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafından, əmək birjası və məşğulluq proqramından, kommunal xidmətlərdən geniş söhbət açılmış, bu sahədə görülən işlərdən, həyata keçirilən tədbirlərdən və mövcud nöqsanlardan bəhs olunmuşdur.

Natiq rayonda təhsil, səhiyyə və mədəniyyət məsələlərindən də danışdı. O göstərdi ki, ötən il Dövlət Proqramına uyğun olaraq Aşağı Kəsəmən kəndində 480 yerlik məktəb binasının tikintisi davam etdirilmişdir. Qıraq Kəsəmən kəndində 6 sinif otağından ibarət 120, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Saloğlu, Qırılı, Yenigün kəndlərində yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir.

Hesabat ilində Eynallı bələdiyyəsinin və Alman Texniki Əməkdaşlıq Təşkilatının vəsaiti hesabına Eynallı kəndində 25 çarpayılıq xəstəxana binası tikilmiş, Beynəlxalq Tibb Korpusu və Muğanlı icmasının vəsaiti hesabına kənd xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunmuşdur. Eyni zamanda Böyük Kəsik kəndində yeni xəstəxana binası tikilərək istifadəyə verilmişdir.

Məruzə ətrafında çıxışlarda hesabat dövründə görülən işlər barədə fikir və mülahizələr söylənildi.

İclasda Prezidentin İcra Aparatının məsul işçisi Şirəli Əhədov və respublikanın Baş prokuroru Zakir Qaralov iştirak etmişlər.

Zakir Qaralov yığıncaqda çıxış edərək hesabat dövründə görülən işlərin qənaətbəxş olduğunu qeyd etmişdir.

Axırda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.