Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2008-2015-Cİ İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN ƏRZAQ MƏHSULLARI İLƏ ETİBARLI TƏMİNATINA DAİR
DÖVLƏT PROQRAMI
I HİSSƏ

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 25 avqust tarixli

Sərəncamı ilə təsdiq edilmişdir

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır.

Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Hələ keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanmışdır. 2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilmiş və bu Proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır.

Bununla yanaşı, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir. Lakin, ölkədə əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, mümkün olmamışdır. Digər tərəfdən, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətinə öz təsirini göstərir. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 may tarixli 2786 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı məhz bu məqsədə nail olmaq üçün 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

I. Azərbaycan Respublikasında ərzaq məhsulları

ilə təminat sahəsində mövcud vəziyyət

1.1. Makroiqtisadi sabitlik və əhalinin gəlirləri

Əhalinin etibarlı ərzaq təminatının başlıca şərtlərindən biri makroiqtisadi sabitliyə əsaslanan davamlı inkişafın əldə olunması və əhalinin gəlirlərinin fizioloji normalara əsaslanan tələbatının ödənilməsini təmin etməsidir.

Son beş ilin iqtisadi göstəricilərinin təhlili göstərir ki, Azərbaycan bu illər ərzində nəinki makroiqtisadi sabitliyi qoruyub saxlamış, hətta iqtisadi artıma görə dünyanın aparıcı ölkələrindən birinə çevrilmişdir. 2007-ci ildə 2002-ci illə müqayisədə ümumi daxili məhsul real ifadədə 2,6 dəfə artmışdır. Bu artım həm neft-qaz sektorunun, həm də qeyri-neft sektorunun dinamik inkişafı sayəsində mümkün olmuşdur. Həmin illərdə qeyri-neft sektorunun real artımı 76,1 faiz təşkil etmişdir. Bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq 3692 ABŞ dollarına çatmışdır.

Yüksək iqtisadi artım əhalinin sosial rifahının yaxşılaşdırılması üçün geniş imkanlar açmışdır. Keçən beş il ərzində orta aylıq əməkhaqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə artmışdır. Ölkədə minimum əməkhaqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması, eyni zamanda, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır. Qeyd olunan tədbirlər ölkədə yoxsulluğun səviyyəsinin 15,8 faizədək azaldılmasına imkan vermişdir.

Neft ixracından əldə olunan daxilolmaların artması ölkənin maliyyə imkanlarını xeyli genişləndirmişdir. İndi Azərbaycan həm ölkə daxilində, həm də xaricdə iri transmilli layihələrin maliyyələşdirilməsində iştirak edir. Maliyyə imkanlarının artması sayəsində dövlət büdcəsinin gəlirlərini son beş ildə 6,6 dəfə artırmaq mümkün olmuşdur.

Beləliklə, əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirmiş və mövcud sosial-iqtisadi problemlərin, o cümlədən işgüzar fəallığın artması, qeyri-neft sektorunun, infrastruktur sahələrin, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanları genişləndirmişdir. Bu kompleks tədbirlər qüvvədə olan digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcəkdir.

1.2. Aqrar bölmədə mövcud vəziyyət

2003-2007-ci illər ərzində aqrar bölmədə real artım hər il orta hesabla 4,5 faiz təşkil etmişdir. Bu sahədə aparılmış islahatlar nəticəsində:

- aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik bazası yaradılmış;

- torpaq islahatları həyata keçirilmiş;

- islahatlar nəticəsində ləğv edilmiş sovxoz, kolxoz və təsərrüfatlararası müəssisələrin özəlləşdirilən torpaq və əmlakları əsasında 1191 kollektiv, 156 kənd təsərrüfatı istehsalı kooperativləri, 2651 ailə-kəndli təsərrüfatı və digər özəl qurumlar yaranmış, 843,2 min ailə fiziki şəxs kimi fəaliyyətə başlamış;

- 1999-cu ildən etibarən, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmiş;

- aqrar islahatlar nəticəsində ləğv olunmuş, eləcə də işğal altında olan rayonlarda təsərrüfat subyektlərinin borcları silinmiş və onlara digər güzəştlər edilmiş;

- Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, BMT-nin Beynəlxalq İnkişaf Proqramı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi nüfuzlu təşkilatların dəstəyi ilə ölkənin aqrar bölməsində ümumi dəyəri 158 milyon ABŞ dolları məbləğində mühüm layihələrin həyata keçirilməsi təmin edilmiş;

- fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsinə, taxıl əkinlərinə görə subsidiyaların verilməsinə başlanılmış, texniki təminatın yaxşılaşdırılması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsi həyata keçirilir;

- kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatmışdır.

1.2.1. Torpaq və sudan istifadə

Torpaqdan istifadə. Azərbaycan Respublikasının ümumi torpaq fondu 8641,5 min hektar təşkil edir ki, onun 4756,5 min hektarı və yaxud 55 faizi kənd təsərrüfatına yararlıdır. Ümumi ərazinin 1432,6 min hektarı və yaxud 16,6 faizi suvarılan torpaqlardır. Torpaq balansı üzrə kənd təsərrüfatına yararlı sahənin 1808,4 min hektarı əkin yeridir. Bu sahədən 181,6 min hektarı işğal altındadır. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin 224,7 min hektarı çoxillik əkmələr, 117,6 min hektarı biçənəklər, 2560,0 min hektarı örüşlər, 45,7 min hektarı isə dincə qoyulmuş sahələrdir. Ölkə üzrə həyətyanı sahələr 258,1 min hektar (ondan 227,6 min hektarı kənd təsərrüfatına yararlı), meşə sahələri isə 1038,8 min hektar təşkil edir.

Əhalinin artımı ilə əlaqədar olaraq torpaqların qeyri-kənd təsərrüfatı obyektlərinə və fərdi tikintilər altına ayrılması, digər tərəfdən isə torpaqların eroziyaya uğraması, Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində yeraltı suların səviyyəsinin yüksəlməsi, meliorasiya tədbirlərinin lazımınca aparılmaması, əkinçilik texnologiyasının pozulması və s. ilə əlaqədar hər nəfərə düşən əkin sahəsi ilbəil azalmaqdadır. Əgər 1959-cu ildə bir nəfərə 0,36 hektar əkin sahəsi düşürdüsə, 1970-ci ildə bu rəqəm 0,23, 1979-cu ildə 0,21, 2006-cı ildə isə 0,155 hektara enmişdir.

Dağlıq ərazilərdə torpaqların 40 faizə qədəri müxtəlif dərəcədə eroziyaya uğramışdır. Suvarılan əkin sahələrinin təqribən 47 faizi müxtəlif dərəcədə şoranlaşmışdır. Bu səbəbdən 657 min hektar sahədə meliorativ tədbirlərin aparılmasına ehtiyac vardır.

Sudan istifadə. Ölkənin su ehtiyatları məhduddur. Yerüstü su ehtiyatlarının yalnız 10 milyard kubmetr və yaxud 30 faizi ölkənin öz ərazisində, qalan 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır. Daxili çayların su axınının əsas sərfi yaz və payız mövsümünə düşür. Onların əksəriyyətinin axını tənzimlənmədiyindən, daşqın sularının yığılması və istifadə edilməsi çətinləşir. Bununla da hər il 3,2 milyard kubmetr keyfiyyətli suvarma suyundan istifadə etmək mümkün olmur. Mövcud süni su anbarlarında 21,5 milyard kubmetr həcmində su ehtiyatı toplamaq imkanı vardır. Bunların əsas hissəsi hidroenergetika və suvarma məqsədləri üçün istifadə olunur. Hazırda yeraltı su ehtiyatlarının təxminən üçdəbirindən istifadə olunur. Ölkədə ildə 7-9 milyard kubmetr su istifadə olunur ki, bunun 67 faizi kənd təsərrüfatının suya olan tələbatının ödənilməsinə sərf edilir.

Son onillikdə meliorasiya və su təsərrüfatı sahəsində aparılan işlər nəticəsində çaylarda axının qeyri-mütənasibliyinin qarşısını almaq və su ehtiyatlarından ölkə iqtisadiyyatında səmərəli istifadə etmək məqsədilə çaylar üzərində tutumu 104,6 milyon kubmetr olan 2 su anbarı, 600 km uzunluğunda suvarma kanalları, 136 km uzunluğunda kollektor drenaj şəbəkələri inşa edilmiş, yeraltı sulardan suvarma və məişət ehtiyaclarını ödəmək üçün 365 subartezian quyusu qazılmışdır. Əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq məqsədilə 72 km daş-beton, beton və torpaq bəndlər tikilmişdir. Həmin illərdə Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının, Baş Mil-Muğan kollektorunun 31 km-lik hissəsinin tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və 185,7 km uzunluğunda təsərrüfatlararası kanalların qurğularla birlikdə yenidən qurulması, 67,2 km uzunluğunda Xanarx kanalının inşası başa çatdırılmış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Araz çayında, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Ağsu, Qusar və Astara rayonlarında sel və daşqın təhlükəli çaylarda 49325 paqonmetr sahilbərkitmə işləri görülmüşdür. Hazırda ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisi aparılır. Goranboy, Quba, Sabirabad, Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarında suvarma-drenaj şəbəkələrinin və Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının təmir-bərpa işlərinə başlanmışdır.

Bütün bunlarla yanaşı, bu sahədə hələ də problemlər qalmaqdadır. Belə ki, keçmiş kolxoz və sovxozların balansında olmuş təsərrüfatdaxili şəbəkələrin bərpa edilərək tam işlək vəziyyətə gətirilməsinə, uzun illər istismar olunan fiziki cəhətdən köhnəlmiş suvarma sistemlərinin bərpasına, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni su anbarlarının, suvarma və kollektor-drenaj şəbəkələrinin tikilməsinə ehtiyac vardır.

Eyni zamanda, ölkənin su ehtiyatlarının məhdudluğu mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsini və bu məqsədlə suvarma sistemlərinin texniki vəziyyətinin yaxşılaşdırılmasını, suya qənaətedici mütərəqqi suvarma texnikası və texnologiyalarının tətbiqini tələb edir.

1.2.2. Bitkiçilik məhsullarının istehsalı və emalı

Bitkiçilik məhsullarının istehsalı. Aqrar islahatlar nəticəsində son illər kənd təsərrüfatı sürətlə inkişaf etmiş, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artmışdır. Həyata keçirilən tədbirlər bir çox sahələrdə olduğu kimi, bitkiçilik məhsullarının istehsalının strukturunda da müəyyən dəyişikliklərə səbəb olmuşdur. Bu, ilk növbədə, ölkənin əkin strukturuna təsir edərək, onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan vermişdir. 1999-cu ildən başlayaraq bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunur. Belə ki, taxıl istehsalı 1999-cu ildəki 1098,3 min tondan 2007-ci ildə 2004,4 min tona, kartof 394,1 min tondan 1037,3 min tona, tərəvəz 670,8 min tondan 1227,3 min tona, bostan bitkiləri 206,3 min tondan 417,6 min tona, meyvə 436,5 min tondan 677,8 min tona çatdırılmışdır. Ölkədə bir sıra məhsullar üzrə ərzaq təminatının balansı müsbət saldoya doğru dəyişməyə başlamışdır. Artıq kartofa, tərəvəz və bostan məhsullarına və meyvəyə əhalinin illik tələbatı daxili istehsal hesabına təmin olunur və onların ixrac imkanları genişlənir.

Bununla belə, taxıl da daxil olmaqla, ümumən bitkiçilik məhsullarının istehsal göstəriciləri sahənin potensial imkanlarından xeyli aşağıdır. Əsas ərzaq məhsulu olan dənli və dənli-paxlalılar üzrə orta məhsuldarlıq Azərbaycanda 27,1 s/ha təşkil edir, bununla belə müasir texnologiyalar tətbiq etməklə, əkin sahələrini genişləndirmədən məhsul istehsalını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Ərzaq məhsullarına olan tələbatın ödənilməsində idxaldan ən yüksək asılılıq bitki yağlarının payına düşür. Eyni zamanda, ölkədə bu məhsulun, xüsusilə zeytunun istehsalının artırılması üçün böyük potensial mövcuddur. Eynilə kartof, tərəvəz, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində təsərrüfat fəaliyyətinin intensivləşdirilməsi əsasında məhsul artımına nail olmaq mümkündür.

Toxumçuluq kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında, keyfiyyətinin yüksəldilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Hazırda toxum və ting istehsalı ilə 300-dən çox hüquqi və fiziki təsərrüfat subyekti, o cümlədən 20 dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi məşğul olur. Göstərilən təsərrüfatlarda hər il ölkə üzrə tələbatın cəmi 7-10 faizi həcmində taxıl toxumu istehsal olunur. Bununla bərabər, toxum və ting istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlarda toxumçuluq sahəsindəki işləri müasir tələblərə uyğunlaşdırmağa ehtiyac vardır. Ümumilikdə, ölkədə dənli və dənli paxlalı bitkilərin toxumçuluğunda müəyyən irəliləyiş olsa da, yem, tərəvəz, kartof və bostan bitkilərinin toxumşuluğundakı, habelə tingçilik sahəsindəki problemlər hələ də öz həllini tam tapmamışdır.

Bitkiçilik məhsullarının emalı, saxlanılması və satışı. İstehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdən biridir. Son illər kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük quruculuq işləri həyata keçirilmiş, onlarla yeni kiçik və iri müəssisələr tikilib, yaxud bərpa olunaraq yenidən fəaliyyətə başlamışdır. Bununla belə, məhsulun alqı-satqısı üçün yeni iqtisadi münasibətlərə uyğun bazarın mühüm atributları, infrastrukturu ləng yaradılır.

Kifayət qədər tədarük-satış bazaları olmadığından, meyvə-tərəvəzin yerlərdə tədarükü, saxlanılması və satışı lazımi səviyyədə təşkil edilmir. Hesablamalara görə qeyd olunan səbəblərdən hər il yetişdirilmiş meyvə və tərəvəzin 10-15 faizi itirilir.

Kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün çeşidləmə, qablaşdırma, saxlama, reklam, nəqliyyat məsələləri həll olunmalı, istehsala və ixraca stimul yaradan tədbirlər həyata keçirilməlidir. Ölkədə bəzi kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin olmaması və bəzilərinin də müasir tələbatdan geri qalması kənd təsərrüfatı məhsulları istehsalının artım səviyyəsinin ləngiməsinə, məhsulların müəyyən hissəsinin itkisinə səbəb olur, istehlakçıların çeşidli yerli məhsullarla təminatına mənfi təsir göstərir.

1.2.3. Heyvandarlıq məhsullarının istehsalı, emalı və damazlıq işi

Heyvandarlıq məhsullarının istehsalı. Heyvandarlıqda islahatlar 1994-cü ildən başlamışdır. Bu sahədə islahatların aparılması çox zəruri idi, çünki 1990-cı ildən başlayaraq hər il orta hesabla, iribuynuzlu malların sayı 70 min baş, xırdabuynuzluların sayı 243 min baş, ət istehsalı 25 min ton, süd istehsalı isə 47 min ton azalırdı. İslahatlar nəticəsində mal-qaranın sayında və heyvandarlıq məhsullarının istehsalında ciddi artım əldə edildi. Belə ki, 2008-ci il 1 yanvar tarixinə 2001-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 490,2 min baş (24,2 faiz), xırdabuynuzlu heyvanların sayı isə 2 milyon baş (33,3 faiz) artmışdır. Hazırda ölkədə 26 quşçuluq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan quş əti ölkə üzrə istehlakın təxminən 70 faizini təmin edir.

Bütün bunlara baxmayaraq, ölkədə ət və süd istehsalı sahəsində tələbatın tam ödənilməsi baxımından hələlik gerilik mövcuddur.

Heyvandarlığın inkişafında əsas problemlərdən biri də yem bazasının zəif olmasıdır. Senaj və silos kimi qiymətli yemlər heyvanların yem rasionundan çıxmışdır. 2007-ci ildə ölkədə cəmi 6,4 min ton yaşıl qarğıdalı kütləsi və 2,4 min ton kökümeyvəlilər istehsal olunmuşdur. İnək və camışlar əsasən kəndətrafı örüş sahələrinin hesabına saxlanılır. Bu sahələrin isə ot örtüyü xeyli seyrəkləşmiş, qış otlaqlarının quru ot məhsuldarlığı isə 3-4 sentnerə qədər azalmışdır. Hazırda quşçuluq müəssisələri istisna olmaqla qarışıq yem istehsal olunmur.

Damazlıq işi. Hər inək və camışdan 2007-ci ildə 1110 kq süd sağılması onu göstərir ki, iribuynuzlu mal-qara arasında damazlıq işi də tələb olunan səviyyədə aparılmır, qısırlığa qarşı mübarizə tədbirləri zəif həyata keçirilir.

Hazırda ölkədə 80-dən çox iri özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir. Eyni zamanda, 11 regional, 60 şəhər və rayon süni mayalama mərkəzi, 900 kənd və qəsəbə süni mayalama məntəqəsi yaradılmışdır. 2007-2008-ci illərdə süni mayalama üzrə 255 nəfər texnik hazırlanmış və onlar lazımi avadanlıqlarla təmin olunmuşlar.

2007-ci ildə 16,3 min baş inək, camış və düyənin süni yolla mayalandırılması nəticəsində 12,9 min baş bala alınmışdır ki, bu da mövcud tələbatdan xeyli aşağıdır.

Bu sahədə problemlərin aradan qaldırılması üçün iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı aparılan işlər genişləndirilməli və hər il xaricdən ən azı 7-8 min baş cins mal gətirilməlidir.

Ət və süd məhsullarının emalı. Heyvandarlıq məhsullarının emalı şəbəkəsinin genişləndirilməsi əsas vəzifələrdən biridir. Ölkədə 45 ət, 127 kiçik süd emalı müəssisəsi fəaliyyət göstərir. Bu emal müəssisələrinin gücü tələbatı tam ödəmir. Məsələn, süd emalı müəssisələrinin kifayət qədər olmamasına görə hər il ən azı 150 min ton süd keyfiyyətini itirir. Kəsilmiş ətin 14 faizi və ya 23 min tonu sənaye üsulu ilə emal edilmədən satılır. İstehsal olunan südün yalnız 43,5 faizi sənaye üsulu ilə emal edilir ki, bu da əhalinin kərə yağına, pendirə, kəsmiyə və xamaya olan ehtiyacının böyük hissəsinin idxal hesabına ödənilməsinə gətirib çıxarır. Bununla əlaqədar olaraq ölkədə müasir tələblərə cavab verən, xammal bazasına yaxın ərazilərdə ət və süd emal edən yeni müəssisələrin yaradılması və xammalın saxlanılması üçün soyuducuların tikilməsi üzrə özəl sektorun təklifləri dəstəklənməlidir.

1.2.4. Aqrar bölmənin maddi-texniki bazası

Texniki təminat. Kənd təsərrüfatı istehsalçılarının müasir texnika ilə təmin olunması ərzaq istehsalının artırılmasının vacib şərtlərindən biridir. Belə ki, texnikanın çatışmazlığı aqrotexniki tədbirlərin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, məhsulun vaxtında və itkisiz yığılmasını çətinləşdirir, istehsal proseslərinə ciddi maneələr törədir. Mövcud köhnə texnika ilə aparılan işlər keyfiyyətsiz olduğundan, xeyli itkilərə yol verilir. Ümumiyyətlə, maddi-texniki bazanın zəifliyi nəticəsində bitkiçilik sahəsində ildə orta hesabla ən azı 30-40 milyon manatlıq məhsul itkisinə yol verilir. Ona görə də müasir tələblərə cavab verən servis xidməti müəssisələrinin geniş şəbəkəsinin yaradılması zərurəti meydana çıxır.

Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda ölkənin bölgələrində onun 10 satış xidmət bazası və 57 rayonda texniki xidmət servisləri fəaliyyət göstərir.

Gübrə və bitki mühafizəsi vasitələri ilə təminat. 1990-cı ilədək hər il orta hesabla ölkədə 740 min ton (fiziki çəkidə) mineral gübrə işlədilirdisə, 2001-ci ildə bu rəqəm cəmi 40 min ton olmuşdur.

2005-ci ildən başlayaraq “Aqrolizinq” ASC və özəl qurumlar tərəfindən ölkəyə 200 min tondan çox mineral gübrə, bitki mühafizəsini həyata keçirmək məqsədilə 294,3 ton pestisid idxal olunmuş və kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə çatdırılmışdır. Bununla belə, bu sahədə görülən işlər tələbatı tam ödəmədiyindən məhsuldarlıq aşağı düşür və itkilərə səbəb olur.

Bitkiçilik məhsullarının istehsalının artırılması məqsədilə sahənin gübrəyə və bitki mühafizəsi vasitələrinə olan tələbatının ödənilməsi üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Bu baxımdan ölkədə azot gübrəsi istehsal edən zavodun tikilməsi, rayonlarda gübrə və bitki mühafizəsi vasitələrinin topdan və pərakəndə satış şəbəkələrinin yaradılması, aqrokimyəvi, bitki mühafizəsi, karantin və toxumçuluq xidmətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin gücləndirilməsi zəruridir.

1.2.5. Baytarlıq işinin təşkili

Hazırda sanitariya sağlamlığı, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Baytarlıq məntəqələrində çalışan mütəxəssislər tərəfindən hər il orta hesabla 32,7 milyon baş kənd təsərrüfatı heyvanları və quşlarında xəstəliklərə qarşı dövlət vəsaiti hesabına profilaktiki və məcburi peyvəndləmələr aparılır. 162 baytarlıq – sanitariya ekspertiza laboratoriyalarında çalışan mütəxəssislər orta hesabla 24 infeksion və invazion xəstəliklərə qarşı 5,2 milyon diaqnostik müayinə həyata keçirirlər ki, bu da mövcud tələbatı tam ödəmir.

Son üç il ərzində bu sahənin inkişafına dövlət investisiyaları və xüsusi ayırmalar hesabına 13,4 milyon manat vəsait ayrılmışdır. Buna baxmayaraq, sahənin maddi-texniki bazasının zəifliyi və kadr çatışmazlığı baytarlıq tədbirlərinin tam və səmərəli yerinə yetirilməsinə imkan vermir.

Son illər Dövlət Baytarlıq Xidmətinin nəzarət funksiyasının artırılması ilə yanaşı, özəl baytarlıq xidmətinin genişlənməsi sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, hazırda ölkənin şəhər və rayonlarında 25 özəl baytarlıq xidməti məntəqəsi fəaliyyət göstərir, 307 nəfər baytarlıq mütəxəssisi baytarlıqda işlədilən müalicə-profilaktika preparatlarının alqı-satqısı ilə məşğul olur və bu istiqamətdə işlər davam etdirilir.

1.2.6. Dövlət fitosanitar nəzarəti

2004-cü ildə Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradılmış, bu sahədə qanunvericilik bazası təkmilləşdirilmiş və müvafiq qaydalar təsdiq edilmişdir. Hazırda bitkilərin vegetasiya dövrü və məhsulun saxlanılması zamanı zərərverici orqanizmlərin təsiri nəticəsində 25-50 faizədək məhsul itkisinə yol verilir. Ona görə də kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün onların xəstəlik, zərərverici və alaq otlarından mühafizəsi mühüm əhəmiyyət kəsb edir.

Düzgün mübarizə tədbirlərinin aparılması məqsədilə zərərverici orqanizmlərin diaqnostikası və inkişaf intensivliyini təyin etmək üçün fitosanitar diaqnostika ilə yanaşı, sahənin (əkinin) fitosanitar ekspertizası aparılmalı, zərərverici orqanizmlərin inkişafına təsir edən bütün amillər təhlil edilməli, zərərli bioobyektin kütləvi yayılmasının proqnozu və təhlükə dərəcəsi müəyyən edilməli, təsərrüfat üçün bioloji və iqtisadi cəhətdən səmərəli mühafizə sistemi seçilməlidir. Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi zəruridir.

1.2.7. Aqrar sahənin elmi təminatı

Azərbaycan Respublikasında aqrar sahədə müxtəlif mülkiyyət formaları, rəqabət mexanizmi əsasında fəaliyyət göstərən ərzaq və xammal bazarları təşəkkül tapmış, ölkə isə regional və beynəlxalq proseslərə getdikcə daha dərindən inteqrasiya etməkdədir. Bu proseslər istehsalın və xidmət qurumlarının rəqabət qabiliyətinin daim yüksəldilməsini tələb edir ki, buna da elmi nailiyyətlərin tətbiqi vasitəsilə nail olmaq mümkündür. Bu tələbatı ödəmək üçün aqrar-sənaye kompleksini yeni texnologiyalarla təmin edən kənd təsərrüfatı elmi tədqiqatları sistemində dəyişikliklərin həyata keçirilməsi vacibdir. Bu sahədə paralelçilik aradan qaldırılmalı, elmi işlərdə vahid strateji istiqamətlər formalaşdırılmalı, elmi nəticələr istehsalata tətbiq olunmalıdır. Ölkədə aqrar sahə üzrə 26 elmi tədqiqat institutu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin strukturuna daxil olan 14 elmi tədqiqat institutu, “Araz” Elm İstehsalat Birliyi (Naxçıvan Muxtar Respublikası), 8 regional aqrar elm mərkəzi və elmi tədqiqat institutlarının 40-a yaxın təcrübə-istehsalat bazası fəaliyyət göstərir.

Aqrar elmin əsas məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin prioritet istiqamətlərinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını gücləndirməkdən ibarətdir. Bununla əlaqədar tədqiqatların planlaşdırılması və maliyyələşdirilməsi sistemi təkmilləşdirilməlidir.

Bazar iqtisadiyyatının tələblərinə və beynəlxalq standartlara cavab verən elmi nəticələrə nail olmaq üçün institutlar normal iş şəraiti, müasir laboratoriya, cihaz və avadanlıqlar, yüksək səmərəli kənd təsərrüfatı texnikası və digər maddi-texniki vasitələrilə təmin olunmalıdır.

1.2.8. Aqrar sahə üçün kadr hazırlığı

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir.

Ali və orta ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin müasir tələblər baxımından professional hazırlıq səviyyəsi hələ aşağıdır. Bu ixtisasların kənd yerlərində cəlbedici olması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, mütəxəssislərin sosial-məişət problemlərinin həllinə ehtiyac duyulur.

Hazırda Azərbaycan Respublikasının ali məktəblərində 30, orta ixtisas məktəblərində 6, texniki peşə məktəblərində 23 ixtisas üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, saxlanması və iqtisadiyyatı sahəsində mütəxəssis hazırlanır. Ölkədə kənd təsərrüfatı üzrə baza ali təhsil müəssisəsi olan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında kənd təsərrüfatı və onun məhsullarının emalı, iqtisadiyyatı və marketinqi sahəsində “bitkiçilik məhsullarının saxlanılması və emalı texnologiyası”, “aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi”, “marketinq”, “menecment” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. Lakin bu sahələrdə müasir tələblər səviyyəsində mütəxəssis hazırlanması üçün maddi-texniki bazanın vəziyyəti günün tələblərinə cavab vermir. Eyni zamanda, yüksək ixtisaslı pedaqoji kadrların çatışmazlığı müşahidə olunur.

1.3. Ərzaq məhsulları istehsalının infrastruktur təminatı

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın uğurlu icrası regionlarda istehsal və emal müəssisələrinin sayının artmasına, onların infrastruktur təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.

2004-2007-ci illər ərzində regionlarda 139,6 km yeni magistral yol çəkilmiş, 488,4 km magistral, 536,3 km respublika əhəmiyyətli və 1193,3 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 42 yeni körpü tikilmiş, 17 körpü təmir edilmiş, 1041,9 km yeni elektrik verilişi xətti çəkilmiş, 228 yarımstansiya tikilmiş, 491 güc transformatoru quraşdırılmış, 1057 km qaz xətti çəkilmiş, 32 km qaz xətti əsaslı təmir olunmuş, 412,8 km yeni su xətti, 120.1 km kanalizasiya xətti çəkilmiş, 437 avtomat telefon stansiyası tikilmiş və rekonstruksiya edilmiş, 495 yeni poçt binası istifadəyə verilmiş, 575 avtomat telefon stansiyası tam elektronlaşdırılmışdır.

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, rayondaxili və rayonlararası yolların bərpası və inkişafı ilə əlaqədar ötən müddət ərzində Naxçıvan və Gəncə hava limanları yenidən qurularaq istifadəyə verilmiş, Lənkəran və Zaqatalada isə hava limanlarının tikintisi davam etdirilir.

Son illərdə Gəncə-Daşkəsən-Xoşbulaq, Lənkəran-Lerik, Masallı-Yardımlı, Quba-Xınalıq avtomobil yolları, Hacıqabul-Kürdəmir avtomobil yolunun 75 km-lik hissəsi müasir standartlara uyğun tikilərək istifadəyə verilmişdir.

Elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında, Astara, Şəki, Xaçmaz rayonlarında hər birinin gücü 87 MVt olan modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, demək olar ki, ölkənin bütün rayon mərkəzləri təbii qazla təmin edilmişdir.

Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına və beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə regionlarda müvafiq layihələr həyata keçirilir. Bununla belə, əhalinin kənddə yaşayışını stimullaşdıran tam normal mühitin formalaşdırılmasına mane olan bir sıra problemlər qalmaqdadır. Ev təsərrüfatlarının hamısının elektrik şəbəkəsinə çıxışı olmasına baxmayaraq, kənddə elektrik təchizatında baş verən fasilələr məhsul istehsalına mənfi təsir göstərir. Eyni zamanda, əhalinin etibarlı qaz və su ilə təminatında da problemlər qalmaqdadır. Hazırda kənd ərazilərində ailələrin hələ də müəyyən hissəsi suyu çaydan, göldən, irriqasiya kanalından götürür.

Ölkənin demək olar ki, bütün kəndlərinin il boyu işlək yolu vardır. Lakin kəndarası və kənddaxili yollar müasir tələblərə əsasən cavab vermir.

1.4. Ərzaq təminatı ilə bağlı sahibkarlıq fəaliyyəti

Əhalinin etibarlı ərzaq təminatında sahibkarlıq mühüm rol oynayır. Bununla əlaqədar olaraq, ölkədə işgüzarlıq mühitinin davamlı yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkədə həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 15669-a çatmışdır. Onlardan 9521-i bilavasitə kənd təsərrüfatı ilə, 6148-i isə emal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləridir.

Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə dövlətin maliyyə dəstəyi uğurla həyata keçirilir. Belə ki, 2002-2007-ci illərdə və 2008-ci ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ölkənin 63 şəhər və rayonu üzrə ümumilikdə 6738 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 271,4 milyon manat güzəştli kredit verilmişdir. Həmin vəsaitin 147 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə ərzaq məhsullarının istehsalı üzrə 5431 layihənin maliyyələşdirilməsinə yönəldilmişdir. Ondan:

- müxtəlif ərzaq məhsullarının istehsalı yönümlü layihələrin maliyyələşdirilməsinə 25,5 milyon manat;

- kənd təsərrüfatı məhsullarının emalı yönümlü layihələrin maliyyələşdirilməsinə 42,5 milyon manat;

- kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə əkinçiliyin və heyvandarlığın inkişafı layihələrinin maliyyələşdirilməsinə 79 milyon manat vəsait ayrılmışdır.

Əldə edilmiş nailiyyətlərlə yanaşı, ərzaq təminatı sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, bununla bağlı əlavə həvəsləndirici tədbirlərin görülməsinə, aqrar sektorun kreditləşdirilməsinin artırılmasına ciddi ehtiyac vardır. Xüsusilə ərzaq məhsullarının saxlanılması üçün anbarların, soyuducu kameraların, elevatorların, eləcə də kənd təsərrüfatı texnikası və gübrə istehsalı, qablaşdırma müəssisələrinin yaradılması, taxıl, yem, ət və süd məhsulları, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalının genişləndirilməsi, emal sənayesinin inkişafı ilə bağlı tədbirlərin görülməsi zəruridir.

1.5. Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarət

Azərbaycan Respublikasında son illər ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması sahəsində xeyli işlər görülmüşdür. Bakı şəhərində, Naxçıvanda və ölkənin digər regionlarında, o cümlədən Cəlilabad, Gəncə, Xaçmaz, Şəki və Saatlı şəhərlərində yüksək maddi-texniki bazaya və kadr potensialına malik müasir tipli laboratoriyalar yaradılmışdır. Həmin laboratoriyalarda bir sıra ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq orqanoleptik, fiziki-kimyəvi, toksiki, mikrobioloji müayinələri aparılır və müvafiq rəylər verilir.

Ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti artırmaq məqsədilə, o cümlədən toksiki elementləri, nitrit, nitrat və mikroorqanizmləri aşkarlamaq üçün bir sıra beynəlxalq sertifikatlara malik cihaz və laboratoriya avadanlıqları alınmışdır. Müntəzəm olaraq xarici ölkələrdən laboratoriya işlərini gücləndirmək üçün mütəxəssislər dəvət olunur.

Görülmüş tədbirlərə baxmayaraq hələ də ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində müxtəlif növ yeyinti məhsulları normativ-texniki sənədlərin tələblərinə uyğun deyil, onların saxlanma müddətinə və şəraitinə əməl olunmur, satışda mənşəyi bilinməyən yeyinti məhsulları aşkar edilir. Bu halların aradan qaldırılması üçün keyfiyyətə nəzarətin idarəetmə sisteminin təkmilləşdirilməsinə, bununla bağlı qanunvericilik bazasına müvafiq dəyişikliklərin edilməsinə, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına, müasir laboratoriyalar şəbəkəsinin genişləndirilməsinə və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac vardır.

1.6. Fövqəladə vəziyyətə hazırlıq və dövlət ərzaq ehtiyatının yaradılması

Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyəli hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir.

Hazırda dövlət ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, Dövlət Taxıl Fondunun yaradılması və idarə olunması ilə bağlı müəyyən işlər aparılır. Bu sahədə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Dövlət Taxıl Fondunun təşkili məqsədilə zəruri infrastrukturun yaradılması, o cümlədən tələbata uyğun yeni elevator və anbarların tikilməsi, zəruri hallarda taxıl bazarına əmtəə müdaxiləsi mexanizminin həyata keçirilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların formalaşdırılması, fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, fəlakətlərin nəticələrinin aradan qaldırılması başlıca vəzifələrdəndir.

1.7. Əhalinin ərzaq məhsulları ilə təminatı

Azərbaycan Respublikasında əsas ərzaq məhsullarının adambaşına istehlakı 2007-ci ildə aşağıdakı kimi olmuşdur: taxıl və taxıl məhsulları 182,0 kq, o cümlədən, çörək və çörək məhsulları 158,9 kq, ət və ət məhsulları 22,8 kq, süd və süd məhsulları 178,7 litr, yumurta 97 ədəd, kartof 96,7 kq, tərəvəz 191,6 kq, meyvə və giləmeyvə 70,7 kq, şəkər (qənnadı məmulatları daxil olmaqla) 14,2 kq, o cümlədən, şəkər 11,8 kq, bitki yağı 8,7 kq, balıq 2,4 kq.

2007-ci ildə gündəlik qida rasionunun kaloriliyi əvvəlki ilə nisbətən artaraq, adambaşına gündə 2505,4 kilokalori təşkil etmişdir ki, bu da minimum istehlak səbətinin tərkibində müəyyən olunmuş ərzaq məhsulları toplusunun minimal həddindən (adambaşına gündə 2258 kilokalori) 247,4 kilokalori, yaxud 10,9 faiz yüksəkdir. Bu, onu göstərir ki, son illər həyata keçirilən tədbirlər əhalinin ərzaq təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir. Eyni zamanda, yaxın illərdə adambaşına düşən ərzaq istehlakının əhəmiyyətli dərəcədə artırılması və tədricən qabaqcıl ölkələrin səviyyəsinə çatdırılması zəruridir.

Bu sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin başlıca şərtləri bir tərəfdən, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının artırılması, digər tərəfdən isə yeni iş yerlərinin yaradılması, əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan qruplarının gəlirlərinin, minimum pensiya və əməkhaqlarının artırılması və ehtiyac meyarının səviyyəsinin yaşayış minimumuna çatdırılmasından ibarətdir.

II. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın məqsəd və vəzifələri, ərzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqamətləri

Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır.

Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

- ölkədə ərzaq məhsulları istehsalını artırmaq;

- əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək;

- ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək;

- ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq.

Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə həyata keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldiləcəkdir.

Sabit və adekvat ərzaq təklifi, ilk növbədə, aqrar sektorda intensiv geniş təkrar istehsalın, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişaf etdirilməsi yolu ilə əldə olunacaqdır. Bununla yanaşı, tələbatın bir qismi xarici asılılığı nəzarətdə saxlamaq şərtilə idxal hesabına ödəniləcəkdir.

Səmərəli istehsal, saxlanılma və satış infrastrukturunun yaradılması da ərzaq təminatı sisteminin ən vacib elementlərindəndir. Buna görə də bu sahələrə dövlət investisiyaları artırılacaq və özəl təşəbbüslər bundan sonra da hərtərəfli dəstəklənəcəkdir.

Ərzaq təklifinin səmərəli bazar mexanizmi vasitəsilə adekvat tələblə qarşılaşması üçün ölkə vətəndaşlarının hər biri istənilən zaman ərzaqla təmin olunmaq imkanına malik olmalıdır. Bu, həm ictimai resursların aztəminatlı vətəndaşlara birbaşa yönəldilməsi, həm də ödəmə qabiliyyətli tələbin formalaşdırılması vasitəsilə həyata keçiriləcəkdir.

Ərzaq təklifi kəmiyyətcə qənaətbəxş səviyyədə olmaqla yanaşı, həm də keyfiyyətcə ən müasir tələblərə cavab verməli, ölkə əhalisi ekoloji təmiz məhsullarla təchiz edilməlidir. Bunun üçün isə keyfiyyətə və təhlükəsizliyə səmərəli nəzarət sistemi qurulmalıdır.

Beynəlxalq təcrübə göstərir ki, etibarlı ərzaq təminatı sisteminin ən mühüm elementlərindən biri ehtimal olunan risklərin səmərəli şəkildə idarə edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq, qarşıdakı illərdə zəruri həcmdə dövlət ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi təmin olunacaq, qabaqcıl sığorta mexanizmlərinin tətbiqi genişləndiriləcəkdir. Eyni zamanda, ərzaq təminatı sisteminin institusional inkişafı diqqət mərkəzində saxlanılacaq, aqrar bölmənin elmi və kadr potensialı gücləndiriləcək və sahibkarlığın inkişafı üçün qabaqcıl modellərin tətbiqi və dövlət tərəfindən maliyyə dəstəyi genişləndiriləcəkdir. Bunun üçün 2015-ci ilədək olan müddətdə dövlət siyasətinin istiqamətləri aşağıdakılardan ibarət olacaqdır:

Dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində:

- iqtisadiyyatın sahəvi və regional baxımdan tarazlı inkişafının təmin edilməsi;

- real sektorun inkişafına stimullaşdırıcı təsir göstərən pul və fiskal siyasətin həyata keçirilməsi;

- regionlarda infrastruktur təminatının yaxşılaşdırılmasına, sosial xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş büdcə siyasətinin davam etdirilməsi;

- ərzaq istehsalının artırılmasının həvəsləndirilməsinə yönəldilmiş vergi siyasətinin həyata keçirilməsi;

- Ümumdünya Ticarət Təşkilatının tələbləri nəzərə alınmaqla, daxili ərzaq bazarının haqsız rəqabətdən qorunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;

- inflyasiyanın idarə olunan səviyyədə saxlanılması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi;

- ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması istiqamətində siyasətin davam etdirilməsi;

- torpaq və sudan istifadənin səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi;

- bitkiçilik və heyvandarlığın intensiv təsərrüfatçılıq əsasında inkişaf etdirilməsi, bu sahənin maddi-texniki təchizatının yaxşılaşdırılması, toxumçuluq və damazlıq işlərinin mövcud tələblər səviyyəsində qurulması;

- aqrar sahənin statistikasının təkmilləşdirilməsi;

- beynəlxalq təşkilatlarla ərzaq təminatının yaxşılaşdırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi;

- əhalinin əməkhaqqı, pensiya və müavinətlərinin, eləcə də ünvanlı sosial yardımların artırılması, minimum əməkhaqqı və pensiyaların yaşayış minimumuna çatdırılması ilə bağlı siyasətin davam etdirilməsi.

Əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi sahəsində:

- ərzaq məhsullarının istehsalı sahəsində İSO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması;

- ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq HACCP (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması;

- ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi;

- “Tarladan süfrəyədək” prinsipi əsasında ərzaq istehsalı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə keyfiyyətə nəzarət sisteminin və mexanizminin işlənib hazırlanması və həyata keçirilməsi.

Ərzaq təminatı ilə bağlı risklərin idarə olunması sahəsində:

- fövqəladə vəziyyətə hazırlıqla bağlı ərzaq ehtiyatlarının yaradılmasına dair qanunvericilik bazasının hazırlanması;

- Dövlət Taxıl Fondunun yaradılması və səmərəli idarə olunması;

- əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi;

- ərzaq ehtiyatının tələb olunan səviyyədə saxlanılması üçün müasir tələblərə cavab verən infrastrukturun yaradılması;

- fövqəladə halların qarşısının alınması məqsədilə çevik mexanizmin yaradılması.

Sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafı sahəsində:

- sahibkarlığın inkişafı ilə bağlı mütərəqqi modellərin tətbiqinin genişləndirilməsi;

- kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinə ayrılan güzəştli kreditlərin həcminin artırılması;

- fermerlərə subsidiyaların verilməsi, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatının yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi;

- kənd təsərrüfatında ərzaq məhsullarının istehsalı sahəsində müasir sığorta mexanizmlərinin tətbiq olunması;

- kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sahəsində birliklərin, assosiasiyaların, kooperativlərin yaradılmasının dəstəklənməsi;

- biznes mühitinin daha da yaxşılaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi;

- haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, inhisarçı təsərrüfat subyektləri tərəfindən sui-istifadə hallarının qarşısının alınması;

- emal müəssisələrində rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının təşviqi sisteminin təkmilləşdirilməsi;

- iş adamlarına məsləhət-informasiya xidmətlərinin göstərilməsi şəbəkəsinin genişləndirilməsi;

- özəl texniki və digər xidmətlərin göstərilməsi sisteminin genişləndirilməsi;

- aqrar sahənin elmi və kadr təminatının yaxşılaşdırılması.

III. Dövlət Proqramının 2015-ci il üçün əsas hədəfləri

Dövlət Proqramının 2015-ci il üçün icra meyarlarını təşkil edən hədəf göstəriciləri aşağıdakılardır:

- dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 s/ha-ya, ümumi istehsalı 2,8 milyon tona;

- ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona;

- sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 milyard ədədə;

- kartof istehsalının həcmini 1,12 milyon tona;

- tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona;

- meyvə istehsalını 800 min tona;

- yağlı bitkilərin əkin sahələrini 135 min hektara;

- şəkər çuğundurunun əkin sahəsini 20 min hektara;

- çay yarpağı istehsalını 3 min tona;

- yem bitkilərinin əkin sahələrini 500 min hektara;

- yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq.

IV. Dövlət Proqramının maliyyə mənbələri

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

- dövlət büdcəsi;

- büdcədənkənar fondlar;

- yerli büdcələr;

- yerli və xarici özəl birbaşa investisiyalar;

- digər mənbələr.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin