İQTİSADİYYAT
2012-ci ildə pensiya sistemi üçün prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaqdır
Bakı, 19 yanvar (AZƏRTAC). Əgər 2011-ci ildə pensiya sistemi üçün əsas vəzifə pensiya təminatının bütün pensiyaçılar üçün vahid sistemə gətirilməsi idisə, 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov yanvarın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Fondun sədri vurğulamışdır ki, bu sahədə əsas problem 2006-cı ilə qədər qazanılmış pensiya hüquqlarının qiymətləndirilməsi ilə bağlı idi. Lakin son islahatlar bu hüquqların sadə hesablamalarla yeni şəraitə transformasiyasına, yəni həmin dövr üçün pensiya kapitalının müəyyənləşdirilərək vətəndaşların fərdi hesablarına yazılmasına və həmin hesablardakı məbləğin onların bütün əmək fəaliyyəti dövrlərini əhatə etməsinə imkan vermişdir.
O, bildirmişdir ki, bu məqsədlə fərdi uçot sistemində qeydiyyatda olan 1 milyon 967 min nəfərin 2006-2010-cu illərə görə ödənilmiş sosial sığorta haqlarının fərdi hesablara işlənməsinə paralel olaraq, həmin şəxslərin 2006-cı ilə qədər topladıqları staja görə pensiya kapitallarının təyin olunması də artıq başa çatdırılmaqdadır.