REGİONLAR
2014-2018-ci illərdə regionlarda 850 kilometr avtomobil yolu tikilib və ya təmir olunub
Bakı, 30 yanvar, AZƏRTAC
2014-2018-ci illərdə regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məlumat verib.
Nazir deyib ki, 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.
“Dövlət proqramından irəli gələn vəzifələrin və ötənilki konfransda verdiyiniz tapşırıqların icrası üçün hesabat dövründə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bəzi mühüm layihələrin icrası ilə bağlı imzalanan 67 sərəncamla 261 milyon manat vəsait ayrılıb”, - deyə Ş.Mustafayev əlavə edib.