İQTİSADİYYAT
2014-cü il Azərbaycanın İKT sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə əlamətdar olub
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətilə dekabrın 6-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) keçirilən tədbirdə nazir Əli Abbasov “Bakutel 2014” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi-konfransının yekunlarından danışıb. O, Azərbaycan ilə Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyununda orbitə çıxarılan və bundan sonra “Azersky” adlandırılacaq “Spot 7” Yer səthinin məsafədən müşahidə peykinin “Azərkosmos” ASC-yə təhvil verilməsini, habelə nazirliyin nəzdində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin yaradılmasını ilin mühüm hadisələri kimi dəyərləndirib.
Rabitə və yüksək texnologiyalar sahəsində ənənəvi atım və inkişaf tempinin 2014-cü ildə də qorunub saxlandığını qeyd edən Əli Abbasov bu nailiyyətlərin beynəlxalq təşkilatların müvafiq reytinq cədvəlləri və hesabatlarında öz əksini tapdığını xatırladıb.
Qeyd olunub ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. BMT-nin “E-hökumət müayinəsi 2014” adlı hesabatında isə Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə yaxşılaşdıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib. Həmçinin Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətqabiliyyətlilik 2014-2015” hesabatına əsasən, Azərbaycan dünyanın 144 ölkəsi arasında 38-ci yeri tutub. Azərbaycan builki hesabatda da MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib.
Sonda bir qrup rabitəçi fəxri fərman və diplomlarla təltif olunub.