Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 38 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Körpükənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimov Rüfan Feyruz oğlu 2014-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 11 saylı seçki məntəqəsində səslərin nəticələrini mübahisələndirmiş, səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini bildirmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişdir. 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Qeydə alınmış namizəd R.F.Kərimovun şikayəti qismən təmin edilməli, mübahisələndirdiyi seçki məntəqəsində səslərin təkrar hesablanması və iddia olunan qanun pozuntularının araşdırılması üçün müraciət aidiyyəti üzrə 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasına göndərilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə Körpükənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimov Rüfan Feyruz oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2014-cü il tarixli 38 saylı şikayəti qismən təmin edilsin, müraciət səslərin təkrar hesablanması və qanun pozuntularının araşdırılması üçün həmin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                       Məzahir Pənahov

Katib                                      Arifə Muxtarova

Katib                                      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin