Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 62 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən Bıçaqçı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmişov Məmiş Naməddin oğlu 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsinin hüdudlarında yerləşən 10 saylı seçki məntəqəsində səslərin təkrar hesablanmasını tələb etmiş, səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini bildirmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, qeydə alınmış namizəd M.N.Məmişovun şikayəti qismən təmin edilməli, mübahisələndirdiyi seçki məntəqəsində səslərin təkrar hesablanması aparılmalı və iddia olunan digər pozuntuların araşdırılması üçün müraciət aidiyyəti üzrə 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasına göndərilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair rəy verilməlidir.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən  qərara  alır:

 

1. 92 saylı Zərdab-Ucar seçki dairəsindən Bıçaqçı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmişov Məmiş Naməddin oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 62 saylı şikayəti qismən təmin edilsin, müraciət səslərin təkrar hesablanması və qanun pozuntularının araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

 

Katib   Arifə Muxtarova

 

Katib   Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin