Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 noyabr 2014-cü il tarixli 14 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 41 saylı Sumqayıt birinci seçki dairəsindən Corat bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ələsgərov Oruc Kiçağa oğlu 27 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarının əsassız olduğunu bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müəyyən olunmuşdur ki, ərizəçi dairə seçki komissiyasının onun namizəd kimi qeydiyyatından imtinaya dair 15 noyabr 2014-cü il tarixli 9/62 saylı qərarı barədə həmin gün məlumatlı olmuşdur. Belə ki, qəbul olunmuş qərar həmin gün dairə seçki komissiyasının məlumat lövhəsindən asılmaqla dərc edilmiş və qərarın surəti  şikayətçiyə şəxsən verilmişdir.

Müraciətin göndərilmə və daxilolma tarixindən, ərizəçinin və 41 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyası sədrinin izahatlarından və tərtib edilmiş 15 noyabr tarixli Aktdan görünür ki, O.K.Ələsgərov dairə seçki komissiyasının müvafiq qərarının qəbul edilməsi barədə məlumatlı olmuş və şikayəti şikayətvermə müddətinin ötürülməsi ilə təqdim etmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

İddia edilən qanun pozuntularından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən, müraciət mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində41 saylı Sumqayıt birinci seçki dairəsindən Corat bələdiyyəsi üzrə qeydə alınmamış namizəd Ələsgərov Oruc Kiçağa oğlunun 27 noyabr 2014-cü il tarixli 14 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

  

Katib     Arifə Muxtarova

 

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin