İQTİSADİYYAT
2016-2018-ci illərdə lisenziya əldə etmiş bir sıra təsərrüfat subyekti vergi orqanlarında uçotdan yayınıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Hazırda vergiödəyicilərinin, təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, bank hesablarının və POS-terminalların uçota alınması, vergitutma bazasının genişləndirilməsi, uçot bazasının təkmilləşdirilməsi və baza məlumatları ilə vergiödəyicilərinin faktiki vəziyyəti arasında olan kənarlaşmalar aşkar edildikdə müvafiq tədbirlərin görülməsi, baza məlumatlarının aktuallığının təmin edilməsi istiqamətində Vergi Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq vergi nəzarəti aparılır.
Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, uçot-qeydiyyat məlumat bazalarında olan uyğunsuzluqların (risklərin) müəyyən edilməsi iki formada: müəyyən edilmiş risk meyarlarına uyğun fərdi qaydada təhlillər aparılmaqla və Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə elektron qaydada avtomatik olaraq müəyyən edilməklə həyata keçirilir.
“ Artıq bir sıra istiqamətlərdə təhlillər aparılıb, uçotdan yayınan şəxslər müəyyənləşdirilib və qanunvericiliyə müvafiq işlərin görülməsi üçün vergi orqanlarına təqdim edilib. Təhlillər nəticəsində müəyyən olunub ki, 2016-2018-ci illərdə lisenziya əldə etmiş bir sıra təsərrüfat subyektləri vergi orqanlarında uçotdan yayınıb. Uçotda olan təsərrüfat obyektlərini icarəyə verən bəzi vergiödəyicilərinin də uçot məlumatlarında uyğunsuzluqlar aşkarlanıb. Dövriyyənin düzgün göstərilməməsi, vergidən yayınma və ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyinin yaranmaması naminə bir neçə kommersiya hüquqi şəxs təsis edilməsi faktları da aşkarlanıb”.
Departament rəhbəri əlavə edib ki, belə faktlar üzrə aparılan təhlillərin nəticələri müvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyinin aidiyyəti strukturlarına təqdim olunub.