CƏMİYYƏT
2017-2021-ci illərdə sosial sığorta daxilolmaları 84,3 faiz artıb
Bakı, 21 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda son illərdə ciddi artım tempi özünü göstərib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial sığorta daxilolmalarının həcmi: 2017-ci ildə 2085,7 milyon manat, 2018-ci ildə 2327,1 milyon manat, 2019-cu ildə 2921,6 milyon manat, 2020-ci ildə 3553,2 milyon manat, 2021-ci ildə isə 3843,4 milyon manat təşkil edib.
Göründüyü kimi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 84,3 faiz və ya 1757,68 milyon manatlıq artım baş verib.
Bu artımın əsasında ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri, o cümlədən məşğulluq imkanlarının və əməkhaqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi dayanır.
Qeyd olunan daxilolmaların ötən il 63,5 faizi və ya 2441,2 milyon manatı özəl sektorun payına düşüb. Bu da 2017-ci ilə nisbətən 1103,8 milyon manat və ya 82,5 faiz çoxdur.