İQTİSADİYYAT


2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 milyon manat, xərcləri 17588,3 milyon manat olub

Bakı, 12 yanvar, AZƏRTAC

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16446,9 milyon manat, xərcləri 17588,3 milyon manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2017-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatda deyilir.

Gəlirlər

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16766,0 milyon manat proqnoza qarşı 16446,9 milyon manat və ya 98,1 faiz icra olub.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilolmalar 6972,0 milyon manat və ya proqnoz 91,2 faiz icra olunub.

Həmin vəsaitin 74,5 faizi və ya 5192,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2608,8 milyon manat vəsait daxil olub və proqnoz 115,9 faiz icra olunub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6100,0 milyon manat vəsait transfert edilib.

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 milyon manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 milyon manat, sair daxilolmalardan 150,0 milyon manat vəsait dövlət büdcəsinə daxil olub.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4401,8 milyon manat icra olunub.

Xərclər

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,0 faiz və ya 17588,3 milyon manat icra edilib.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4804,6 milyon manat icra olunub.

2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10921,1 milyon manatı və ya 62,1 faizi cari xərclərə, 5153,5 milyon manatı və ya 29,3 faizi əsaslı xərclərə, 1513,7 milyon manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 38,0 faizi və ya 6690,8 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 453,7 milyon manat və ya 7,3 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri

Dövlət büdcəsinin kəsiri 1141,4 milyon manat və ya təsdiq olunan yuxarı həddən 33,6 milyon manat az olub.

Kəsirin maliyyələşdirilməsi 384,6 milyon manatı dövlət istiqraz vərəqələrinin satışından, 106,5 milyon manatı özəlləşdirməsindən daxil olan vəsaitdən və 650,3 milyon manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib.

İcmal büdcə

2017-ci ilin icmal büdcəsinin gəlirləri 23951,6 milyon manat, xərcləri isə 24982,6 milyon manat icra olunub. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5 faizini və ya 1031,0 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.